Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

13 Aprel 2022 09:52
Bəyəndim (9) Bəyənmədim (1)

Anar Xəyal

MƏN ONU GÖRMƏYƏNDƏ

Mən onu görməyəndə,

Bir təlaş var üzümdə.

Tez dolaşır sözüm də,

Yuxum yoxdu gözümdə.

***

Mən onu görməyəndə,

Yollar nəzər-nəzərdi.

Göz yaşlarım Xəzərdi,

Orda həsrət üzərdi.

***

Mən onu görməyəndə,

Göylər durdu qəsdimə.

Yağış yağdı üstümə,

Düşdüm əsdim-əsdimə.

***

Mən onu görməyəndə,

Ürək onsuz qalar boş.

Həyat deyil mənə xoş,

Ağlım itir, olur koş,

Mən onu görməyəndə.

GƏNCLİK

Heç belə çag yox ki, çağından gözəl,

Dünyanın hər bağça, bağından gözəl.

Həm uzaqdan, həm də yaxından gözəl,

Onun da bir adı var, adı gənclik.

***

Nə varsa vallah, düzünü göstərir,

Bu həyatın hər üzünü göstərir.

Hara baxırsan, özünü göstərir,

Bir saf güzgüdü, aynadı gənclik.

***

Zamanın həddi yox zirvələr aşar,

Arzular ürəkdə o ki, var coşar.

İnsanlar bir dəfə gəncliyi yaşar,

Onunçün həyatın tək dadı gənclik.

***

Ömür yollarından bir yol götürüb,

Yolunu həm sağ, həm də sol götürüb.

Hər taledə ayrıca rol götürüb,

Həyat səhnəsində oynadı gənclik.

***

Arzum odu hər cavana, hər gəncə,

Xoşbəxtlik bəxş etsin Allahım öncə.

Nə deyim, sözumün qısası məncə,

Başqa bir aləmdi, dünyadı gənclik.

MƏNƏ ŞAİR DEMƏ

Mənə şair demə, qurbanın olum,

Bu şairlik mənim adıma düşmür.

Gecələr özümə şeyir deyirəm,

Səhəri şeyirlər yadıma düşmür.

***

Yerlərdən göylərə uçur xəyalım,

Gah Marsda, gah da ki, Yupiterdədi.

Venera, Merkuri, Neptuna çatdım,

Günəşə getmədim, günəş yerdədi.

***

Mənim günəşim də, ayım da yardı,

Ürəyim istidi, işıq nur saçır.

Vay o kəsə, qəlbi buz kimi qardı,

Məhəbbət istəyən onlardan qaçır.

***

Sevinc də bölünən zaman gözəldi,

Bəxtəvərsən deyər görənlər sənə.

Qəmi paylaşarsan, həmin andaca,

Azalar salamı verənlər sənə.

***

Mənə şair demə, qurbanın olum,

Mən yazıram düzdü, sözlə aram var.

Sən məndə nə gördün, nə tapdın axı,

Mənim şairlərə bənzər haram var?

***

Sağlığında hansı şair ucalır,

Hansı şair dəyər görür anında?

Hansı şair fikir çəkmir, düşünmür,

Hansı görür hamı durub yanında?

***

Bəzən oldu dodaq filan büzənlər:

-İşin, gücün sənin ancaq şeyirdi?

Həmin kəslər uğurumu görüncə,

Məndən ötrü-tanışımdı-deyirdi.

***

Mənə şair demə, qurbanın olum,

Bu şairlik mənim adıma düşmür.

Gecələr özümə şeyir deyirəm,

Səhəri şeyirlər yadıma düşmür.

Ayşən Rəhim

TƏNHA VƏ TƏKLİYİM

Gəl, sən, Allah üzürlü say,

Buralar tör-töküntüdür.

Gözlə, açım pəncərəni,

Hə, otaq bir az bürküdür.

Bu nəhəng təkliyim səni,

Deyəsən yaman hürküdür.

***

Əsl qadın faciəsi,

Tozlu pəncərə şüşəsi.

Dəhlizin ortasındadır,

Dağılmış bir zibil qabı.

Cırılmış iki-üç şəkil,

Çərçivənin sınıqları.

Parçalanmış qırmızı don

Və dikdaban ayaqqabı..

***

Sükut, vahimə, kölgələr,

Dualar çarmıxa çəkir.

Ümidləri, intiharı,

Qürur geyinir əzabı.

Yalnızlığın taleyimdə,

Yaratdığı iltihabı.

***

Xatirələr guruldayır,

Yağış yağır, damır tavan.

Zamanın çatlarında qan,

Bir az asta gəz, nə olar.

Xatirələr oyanacaq

Və qarşında utanmadan,

Ağrıları soyunacaq...

***

Ayağını qanadacaq,

Son arzunun çilikləri

Və anamı ağladacaq.

Bilirsənmi, sükut səsi,

Adamı lap dəli edir?

İntəhasız tənhalığın,

Darıxmağın iniltisi.

Bir də gecə olan kimi,

Bu itlərin ulaması.

Xatirənin tikan kimi,

Bədənimi dalaması...

***

Hərdən, vahiməli olur,

Ayrılıq da udur məni.

Bir söz deyim, amma gülmə,

Düz başımın üstündəki

Bu eybəcər Mona Liza,

Hə, o da qorxudur məni.

Ay yad adam, getmə, dayan,

Bir çay qoyum, təzə dəmlə.

Elə adamsızlaşmışam,

İstəmirəm itirməyi.

Axşamacan dərdləşirik,

Bir mən, bir də qara pişik.

Yox, onun günahı deyil,

Talemin tərs gətirməyi.

BAX ƏZİZİM

Mən səni and verirəm Cəbrailin vəhyinə,

İsrafilin suruna, qiyamətlər qoparma!

Sən gəl məni bağışla, nə günahım varsa keç,

Əhv etməyin ucalıq, kiçilməzsən bununla,

Yoxsa, Allah bu qədər böyük olarmıydı heç?

***

Mən səni bağışladım, doxsan doqquz içindən

seçilənə “Əl-Əfuv” adına,

Katolik kilsəsinin müqəddəs xaçına.

O bakirə Məryəmin məsum hamiləliyi,

Üfürülən ruhuna.

Bağışlanma adına, Tanrının yer üzündə axıdılan qanına,

Məsihə bağışladım...

Ən müqəddəs günaha, müjdə daşıyıcısı,

Maria Magdalenaya...

Mən səni bağışladım,

Lap ulu tanrılara, Zeus, Apollon, Hera,

Athenaya, Froya.

Və səni bağışladım gözyaşları quruyan,

Yusif üçün kor olan, Yaqubun gözlərinə.

Turi-Sinada xəlvət Musanın duyduğuna,

Tanrının səsinə, Əhdi-Ətiqdə, ona dediyi sözlərinə.

Mən səni bağışladım, səhər çıxıb gedənə,

gecə gələnə xatir.

Sən nə bilirsən ki, gecə gələn nədir?

Və səni bağışladım gecələr itiləşən,

Tənhalıq qələmimdə yazdığım sətirlərə,

ölüm dolu ətirlərə.

Və Qaranlıq altara.

And olsun ad çəkdiyim, bütün müqəddəslərə,

Nə bəd dua elədim, nə də qarğışlamadım.

Allah deyiləm, amma,

Əhdi-Cədid buyruğu “Bağışla” əmri üçün,

Mən səni bağışladım!

Mən səni bağışladım!

İndi qəfəs açıqdır, daha uça bilərsən...

BİR GÜN MƏN GEDƏCƏYƏM

Bir gün mən gedəcəyəm...

Nəhayət, büküləcək günəşin biləyi,

Son dəfə izləyəcək dözülməz zaman qürubu

addım-addım.

Sonsuzluğa uzanan yolumu,

Sovuracaq yoxluğun küləyi.

Bir gün mən öləcəyəm...

Söküləcək ulduzlar bir-bir,

Gecə libasından.

Və utanmadan soyunacaq gecə,

kainatın qarşısında.

Uçacaq bütləri məbədlərin,

Tapdanacaq bütün müqəddəslər.

Qırılacaq qapısı arzuların,

Dualar yağacaq göy üzündən,

Geyinəcək ovuclarımı əbədi.

Bugün mən öləcəyəm...

Sükut asılır,

Lal olmuş yalnızlığımdan.

Eşidilir indi ölümün səsi uzaqdan,

Həyatım öləziyir.

Gecikən yoxluğa qaçır ayaqlarım,

Avazıyır ümidlərin rəngi.

Qarışır heçliyin əlamətinə,

Qara qaranlığa.

İndi mən öləcəyəm...

Yüküylə birgə arxamca gəlir,

Dünənlərə yığılan bütün keçmişlər.

Toxunulmamış bir gələcək boğuldu,

Bilinməyən sularda.

Və bir həqiqətin parçası olmaq arzusu,

Doğuldu,

Ölürəm...

Zaman keçərkən üstümdən,

Neçə həyat bitəcək mənimlə?

Kimisi unudacaq keçmişin rəflərində,

Tozlu məzhərin səhifələrindən.

Kimisə miras buraxdığım xatirələrdən

Yapışacaq.

Bir gün heç nə qalmayacaq məndən geriyə,

Bircə qibləsiz müqəddəslərin qarğışı,

Simasız başdaşı,

Və gözyaşı.

Ölürəm...

Səsim asılacaq qulaqlarından,

Neçə öpülməmiş sözlərim düşəcək

Dodaqlarından.

Səhifəni hazırladı: İsa Rəvan