“Oxu Məni”nin dəyərli oxucuları xeyriyyə marafonuna başlayırlar

“Oxu Məni”nin dəyərli oxucuları xeyriyyə marafonuna başlayırlar

25 Yanvar 2013 09:01
Bəyəndim (0) Bəyənmədim (0)
Oxu məni, düşün, zəng vur, bizə qoşul...

Bu gün tezdən durmuşdu. Düşünürdü ki, fərqli bir gün olacaq. Düşünürdü ki, indiyə kimi yaşadıqları sadəcə yuxudur. Pəncərənin qarşısında dayandı. Çox gözəl bir hava var idi. Bu gün bayramdır, ailəsi ilə birlikdə gəzməyə getmək istədi. Dönüb bacısına baxdı. Şirin –şirin yatmışdı. Onun yaşı az olduğundan olanların fərqinə elə də varmırdı. Üzülürdü, amma nə baş verdiyini dərk eləmirdi. Bəlkə də anlayırdı. Bacısı 3 yaşında olsa da, danışa bilmirdi. 1 yaşından sonra danışmadı. Susdu. Susmağı ilə üsyan eləyirdi. Elə onun da yaşı az idi. 8 yaşında olan uşağın yaşadığı həyat tərzindən uzaq idi. Nədənsə özünü böyüyüb boya-başa çatmış insan kimi aparırdı. Bacısını oyatdı. Ona qırmızı don geyindirdi. Saçlarını daradı. Yığmağa çalışdı, amma bacarmadı. Bacısı da tərpənmirdi. Sakitcə qardaşının qarşısında oturub gəlinciyi ilə oynayırdı. Başını qaldırıb onun üzünə baxdı. Üzündə ona daha da şirinlik verən bir təbəssüm yarandı. O, əyilərək, bacısının üzündən öpüb bərk –bərk qucaqladı. "Gəzməyə gedəcəyik" dedi. Bacısı daha da sevindi. Əl-ələ tutub nərdivandan aşağı düşməyə başladılar. Səssizlikdir. Deyəsən, düşündüyü kimi bu gün fərqli olacaqdı. Bacısının əlini bərk-bərk sıxdı. Heç aşağıya çatmamış gördüyü mənzərə onun bütün ümidlərini puç elədi. Yenə anası başı bağlı, ağlaya-ağlaya, dilinin altında nəsə danışırdı. Atası da əlində siqaret, üzünü tük basmış, saçları səliqəsiz halda pəncərənin yanında dayanmışdı. Bacısı başını qaldırıb onun üzünə baxdı. O isə gözlərini yerə dikmişdi. Günahkar uşaqlar kimi başını aşağı salıb, qəmli halda dayanmışdır. Nərdivanda əyləşdi. Bacısı da onun yanında. Anası onları gördü.

- İkiniz də yuxarı qalxın. Tez, gözüm görməsin sizi. Tez olun.
- Uşaqlardan hirsini alma.
- Onlar mənim uşaqlarımdır, özüm bilərəm.
- Eeeee, yenə qızışdın da……..
Beləcə, həmişəki mənzərə başladı. O isə yuxarı qalxmadı. Qalıb bu mənzərəni seyr elədi. Artıq neçənci dəfədir şahidi olmuşdu. Öyrəşmişdi. Yox, öyrəşməmişdi, bezmişdi, yorulmuşdu. Bacısı başını onun qollarının arasında gizlətməyə çalışdı. O da əlləri ilə körpənin qulaqlarını tutdu. Böyüklərsə dayanmadan bir-birlərini təhqir edirdilər. Hətta atası anasını vurdu da. Amma buna görə o atasına nifrət eləmirdi. Çünki hər ikisini günahlandırırdı. Yuxarı qalxdılar. Balacanın başını qatsın deyə gəlincikləri əlinə aldı və birini ona uzatdı. "Gəl oynayaq. Gəlinciklər əl-ələ verib gəzməyə getsinlər hə?" – dedi. Balaca tərpənmədi. Deyəsən, aşağıdan gələn səsləri dinləyirdi. Anası yenə qışqırdı. Yəqin atası bu dəfə onu daha da möhkəm vurmuşdu. Qız əlində olan gəlinciklə qardaşının əlində olan gəlinciyə bərk vurdu. Dayanmadan vururdu. O, dillənmədən gəlinciyə baxdı. Oyuncağın gözündə yaş var idi. Ağlayırdı. Yox, bu, mümkün deyildi. Axı oyuncaq ağlaya bilməz. Fərqinə varmamışdı. Gözlərindən yaş gəlinciyin üzünə düşürdü.
Bu gün bayram idi. Bütün qonşuları ailəsi ilə gəzməyə, qonaqlığa gedirdilər. Onları heyranlıqla izləyirdi. Ən böyük arzusu idi. Sadəcə uşaq olmaq istəyirdi, yaşıdları kimi olmaq istəyirdi. Bezmişdi hər gün təkrarlanan eyni səhnədən. Valideynləri onların varlığının fərqinə varmırdı. Nə bir qayğı, nə bir sevgi. Evdən getməyi, tamamilə uzaqlaşmağı düşünürdü. Onsuz da onların yoxluğunun fərqinə varmayacaqdılar. Tərəddüd edirdi. Çünki bacısını tək qoymaq istəmirdi. Özü ilə aparsaydı, hara gedəcəkdilər?

Axşam olurdu. Artıq gün gizlənmək üzrə idi. O, hələ də düşünürdü. Əslində, gedəcəyi yeri tapmışdı, bu dəfə ancaq bacısını düşünürdü. Aşağıdakıların səsi yenidən gəldi. Yenə dava eləyirdilər. Bacısı gəlib onun əlini tutdu. Gözlərinə baxdı.
- Kaş ki, böyük olsaydın. Sən də bir şey danışsaydın. Bəlkə də qərar verməyimə kömək edərdin.
- Cedəy buydan.
- Nə? Sən? Sən danışdın?
- Cedəy də buydan.
- Yaxşı, yaxşı ağlama.
Hər ikisi aşağı düşdü. Böyüklərin yanından keçib çölə çıxdılar. Gedəcəyi yerin ünvanını bilmirdi, amma yenə də dayanmadan addımladı. Bir xeyli uzaqlaşmışdılar. İndidən özünü rahat, hüzurlu hiss edirdi. Bacısı da elə. O da qorxmurdu. Qardaşının əlindən tutaraq tullana-tullana gedirdi. Üstəlik mahnı da oxuyurdu. Artıq danışırdı. Nə qədər həkimlərə getmişdilər, amma dil açmamışdı. İndi isə mahnı oxuyurdu. O, da bacısına qoşuldu. Birlikdə mahnı oxumağa başladılar. Bu, onun xoşuna gəldi. Uzun bir yol getdilər. Birdən hündür boylu, yaşlı bir adam onlara yaxınlaşdı. Uşaqların yol kənarında tək başına olmaları diqqətini çəkmişdi.
- Ey şirinlər, təkcə hara belə?
O, başını qaldırıb mülayim təbəssümlə getmək istədiyi yerin adini dedi:
- Unudulmuş uşaqların evinə!..

Əziz dostlar! Sizləri salamlayaraq, bir təklifi nəzərinizə çatdırırıq. "Oxu məni" ailəsinin daimi və sevimli oxucuları olan Sitarə Hüseynova və Sərvər Kamranlının təşkilatçılığı ilə bu yaxınlarda kimsəsizlər və ya uşaqlar evinə ziyarət nəzərdə tutulur. İnanırıq ki, siz də bu xeyirxah niyyətimizi alqışlayacaq və ürəyinizin səsini dinləyərək bizlərə dəstək olacaqsınız. Xatırladım ki, biz bu işimizi reklam xatirinə etmirik, xeyirxah əməl, savab əməl sayıldığı üçün edirik. Allah hər kəsin etdiyi əməlləri görür, bəndəsinin hər əməlini axirət sorğusuna saxlayır. Bizə dəstək olmaq istəyənlər sıralarımıza qoşularaq, öz imkanları daxilində maddi kömək göstərə bilərlər. Əgər bu xeyirxah işlərdə bizə qoşulmaq istəyirsinizsə, aşağıdakı nömrələrlə əlaqə saxlayın:

051-553-08-93 və ya 055-471-13-87 (Sərvər Kamranlı)
Qeyd: Yardım aksiyası haqda indidən elan verməyimizdə məqsəd dostların qabaqcadan bu xeyirxah missiyadan xəbərdar olmalarıdır. Belə ki, bundan qabaqkı tədbirlərdə bəzi dostlar aksiyaya qoşulmamağa səbəb kimi vaxtın azlığını göstərirdilər. Bəziləri də elan çıxan kimi dəstək olacaqlarını əminliklə desələr də, yardımın vaxtı çatanda nədənsə əlçatmaz oldular. Bu cür halları nəzərə alaraq, xeyirxah, xeyriyyəçi insanlardan xahiş edirik ki, bizə qoşulsunlar. Onlar kimsəsizlərə ayırdıqları yardımı birbaşa, əlbəəl həmin insanlara çatdıracaqlar. Sadəcə bu xeyriyyəçi əməldə biz onların yanında olacağıq. Xatırladaq ki, bu aksiya məcburi deyil və reklam xarakteri daşımır. Sonda qeyd etməliyik ki, bu xeyirxah əməlin baş tutması hər birinizdən asılıdır. Necə deyərlər, birlikdə selə dönməyi istəyiriksə, hər birimiz damla olmağı bacarmalıyıq.

Sərvər Kamranlı, Sitarə Hüseynova

O.M.