Məhəbbətlə dostluq qatı düşməndir

Məhəbbətlə dostluq qatı düşməndir

1 May 2012 11:06
Bəyəndim (0) Bəyənmədim (0)
Gənclik dostlarını axtaran qazaxlı oxucumuz onlarının adını övladlarına və nəvələrinə qoyub

Salam, hörmətli redaksiya. Sizi narahat edən Səxavət adlı daimi oxucunuzdur. Bu məktubu yazmaqda məqsədim odur ki, sizin vasitənizlə köhnə tanışlarıma qovuşam. Əgər onlar da qəzeti oxuyurlarsa, qoy mənə cavab göndərsinlər. Ünvanım redaksiyada olacaq. Əvvəla, özüm haqda məlumat verim. Necə olmasa, illər ötüb, yaş üstünə yaş gəlib. Mən Həsənov Səxavət Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin 1975-ci il məzunlarındanam. Ona görə oxuduğum təhsil müəssisəsini xatırlatdım ki, axtardığım dostlarım mənim qrup yoldaşlarımdır. Onlarla məni sıx tellər bağlayır. Bizim o qədər təəssüratlarımız var ki, yazmaqla qurtaran deyil. Birlikdə dərsdən qaçmışıq, birlikdə qız dalınca getmişik, birlikdə davaya düşmüşük, birlikdə milisə izahat vermişik. Hansı birini deyim? Xoş xatirələr adamı ağuşuna alıb, keçmiş günlərə aparır. O günlərə ki, tayı bərabəri yoxdur. Şair demişkən, ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim.

Universitetdə dərslər yenicə başlamışdı. Mən də o biri uşaqlar kimi hələ qrup yoldaşlarıma qaynayıb qarışa bilmirdim. Hamıdan utanırdım. Mənə elə gəlirdi ki, o biri uşaqlar şəhərdə doğulub böyüyüblər, ona görə də məndən çox dünyagörüşünə malikdirlər. Çünki rayondan on gün olardı gəlmişdim. O vaxta qədər Bakını yalnız qəbul imtahanları ərəfəsində görmüşdüm. Onda da gəzişməyə imkanım olmamışdı. Gördüyüm yer Universitetin ərazisi, bir də yaxınlıqda kirayə tutduğumuz ev idi. Bir sözlə, hər şeydən sıxılır, hamıdan çəkinirdim. Rayonumuz üçün yaman darıxmışdım. Çünki Qazaxda yaxın dostlarımı, sevdiyim qızı qoyub gəlmişdim. İlk günlər mənim üçün olduqca ağır keçirdi. Uşaqlarla bir-birimizi çətin başa düşürdük. Hətta ləhcələrimiz də uyğun gəlmirdi. Qrupda Kamil adında göyçəli bir oğlan da var idi, ancaq onunla ümumi dil tapa bilmişdim. Heç yadımdan çıxmaz, bir gün bakılı oğlanı döymək qərarına gəldik. O, bizimlə çox zarafat edirdi. Dərsdən sonra onu tinə çəkib, hədə-qorxu gəldik. Elə bildik ki, dərhal bizdən çəkinəcək. Amma düşündüyümüzün əksinə olaraq, bizə cavab qaytardı. Hələ bu azmış kimi dörd nəfər dostunu yanına çağırıb, bizi dövrəyə aldı. Həmin uşaqlar onun hazırlıq qrupundan tanıdığı dostları idi. Qorxudan özümüzü itirdik. Nə deyəcəyimizi bilmədik. Ancaq özümüzü sındırmayıb, onlarla dil-dil ötdük. Yaxşı ki, səs-küyə dekanın müavini gəldi.

O gündən onlarla səmimi dost olduq. Əlaqələrimiz o qədər sıxlaşdı ki, bir-birimizi yaxından tanımağa başladıq. Mən, Qasım, Valeh ayrı-ayrılıqda ev tutmuşduq. Sərvərlə Kamil valideynləri ilə birlikdə şəhərdə yaşayırdılar. Tovuzlu əmioğlular Hüseynlə Həsən isə yataqxanada qalırdılar. Biz hər gün boş vaxtlarımızı birlikdə keçirirdik. Gah birimizin evində toplaşırdıq, gah da o birimizin. Hətta Kamilin də, Sərvərin də valideynləri bizim xətrimizi çox istəyirdilər. Sərvərgil bakılı olduğundan anası tez-tez bizi dadlı yeməklərə qonaq edirdi. Kamilin isə atası universitetdə dekan işlədiyindən hamımızın imtahan, zaçotlarına köməyi dəyirdi. Bir sözlə, biz universitetdə 7 qardaş kimi tanınırdıq. Ölməz şairimiz Səməd Vurğun demişkən, yeddi oğul istərəm, bircə dənə qız-gəlin. Həqiqətən də elə idi. Qrupumuzda oxuyan qızların içərisində bir nəfər bacı kimi hamımızın xoşuna gəlirdi. Əslən gəncəli olan, lakin Bakıda yaşayan Səkinə də bizim xətrimizi istəyirdi. Aslanın erkəyi dişisi olmaz, deyib atalarımız. O da bizim kimi dostluğa qiymət verirdi. Ona görə də sinif nümayəndəsi olduğu müddətdə hamımızın işinə yarıyırdı. Biz dərsdən qaçanda müəllimlərin başını qata bilirdi. İndiki kimi yadımdadır, bir gün prorektorun mühazirəsi olmalı idi. Biz isə kinoteatra hind kinosuna baxmağa gedəcəkdik. Biletlərimiz batmasın deyə, Səkinə bizə kömək etməyi boynuna aldı. Özü isə bizim yerimizə prorektora yalan uydurdu. Ağlaya-ağlaya ona dedi ki, guya həmin gün atasının qırxıdır və bütün uşaqlar yasa getməyə hazırlaşıblar. Halbuki, Səkinənin atası hələ o, uşaq olarkən dünyasını dəyişmişdi. Bu cür şirinli-acılı xatirələrin sayı hədsiz dərəcədədir.

Bir günsə Səkinənin uzaq qohumlarından biri onu görməyə, gözaltı etməyə gəlmişdi. O, bizə tapşırdı ki, oğlanı tinə çəkib qorxuzaq. Onun nəyə qadir olduğunu öyrənək. Elə də etdik. Oğlanı divara sıxıb, sorğu-suala tutduq. Yazıq gəldiyinə peşman oldu. Bizə yalan uydurub fəlsəfə müəllimini axtardığını dedi. Ona inanmasaq da, qorxduğunu bildiyimiz üçün sərbəst buraxdıq. O gündən sonra həmin oğlan bir daha Səkinənin dalınca gəlmədi.

Bu hadisə isə lap maraqlıdır. Kamilin ad gününü qeyd etmək üçün atası ona çoxlu pul vermişdi. Biz təzə İnturistin, yəni "Azərbaycan" mehmanxanasının restoranına getdik. O ki var, yeyib içdik. Hamımız sərxoş olduq. Yaxınlıqda iki nəfər xarici vətəndaş rus qızı ilə oturmuşdu. Bunu qeyrətimizə sığışdırmadıq. Axı necə ola bilərdi ki, biz dura-dura xarici bizim ölkənin vətəndaşı ilə kef eləsin?! Hüseyn aramızda hamıdan güclü və davakar idi. O, ayağa durub, şuluqluq saldı. Xariciləri döydük. Milislər bizi tutub apardılar. Hamımızın barəsində cinayət işi açıldı. Sonra Kamilin "KQB"-də işləyən əmisi onun adını siyahıdan sildirməyə çalışdı. Kamil bununla qətiyyən razılaşmadı. Dedi ki, mən dostlarımı dar ayaqda qoyub qaça bilmərəm. Əmisi məcbur olub hamını azad etdirdi. Bilirəm ki, bu, ona elə-belə başa gəlməmişdi. Çünki xaricilər Moskvaya kimi şikayət etmişdilər.

Biz artıq dördüncü kursda oxuyurduq. Daxilən hər birimiz Səkinəni sevirdik, ancaq hisslərimizi dilə gətirməkdən çəkinirdik. Bizə elə gəlirdi ki, kim bu barədə birinci söz açsa, o biri uşaqlar onu qınayacaqlar. Əslində, buna əsasımız da var idi. Kim Səkinə ilə daha sıx əlaqə qururdusa, o biriləri onu qısqanırdı. Nədənsə ürəyimə dammışdı ki, Səkinə Kamili sevir. Bunu onun baxışlarından, Kamilə qarşı xüsusi münasibətindən hiss edirdim. Elə bil onu görəndə nazlanırdı, həyəcanlanırdı. Bir gün dözməyib bu barədə Kamildən soruşdum. Dəqiq bir şey bilmədiyini dedi. Söhbət ikimizin arasında qaldı. Aradan bir neçə ay keçmiş Hüseyn yeni il şənliyində ürəyini Səkinəyə açdı. Ona qarşı ciddi fikirdə olduğunu söylədi. Nədənsə Səkinə onun sözlərini zarafata salıb özü də zarafatyana tərzdə Kamili sevdiyini bildirdi. Elə həmin andan dostluğumuz parçalanmağa başladı. Uşaqlar iki yerə bölündülər. Bir qismi Hüseynin tərəfinə keçdi, digəri isə Səkinənin. Düzü, Kamilin bu işdə heç bir günahı yox idi. O özü də çalışırdı ki, problem xoşluqla həll olunsun, yəni sevən ürəklər qovuşsunlar. Ancaq heç kim ona inanmaq istəmirdi. Hüseynlə dostları iddia edirdilər ki, o, qəsdən Səkinəni özündən uzaqlaşdırmır. Əgər istəsə, qıza qəti sözünü deyə bilər. Onda Səkinə də ümidini ondan üzüb Hüseynə "hə" cavabını verər. İlk baxışdan inandırıcı görünsə də, həqiqət belə deyildi. Hətta Kamil Səkinəni özündən ayırsaydı da, o, heç vaxt Hüseyni sevməyəcəkdi. Bir də ki, bu, ciddi söhbətdən çox zarafata oxşayırdı. Buna baxmayaraq, o hadisə dostlar arasında həllolunmaz problemə çevrildi. Mən indi də əminəm ki, Hüseynin yanında olan uşaqların hər biri ayrı-ayrılıqda Səkinəni sevirdilər. Sadəcə, o, qabağa düşdüyündən nə isə deməkdən çəkinirdilər. Bundan başqa, onlar əmin idilər ki, Səkinə Kamili sevir. Ona görə də heç zaman Hüseynin məhəbbətinə cavab verməyəcək.

O hadisədən təxminən otuz altı il ötüb. Bildiyimə görə, hamımız ailə qurmuşuq, oğul-uşaq sahibi olmuşuq. Hətta mənim nəvələrim də var. Bütün bunlara baxmayaraq, yenə də o günləri unuda bilmirəm. Elə bil dünən yaşamışam. Yəqin ki, köhnə dostlarım da mənim kimi düşünürlər. Şəxsən mən özümü hələ də iyirmi yaşlı gənc kimi hiss edirəm. Hərdən cavanlara baxanda istər-istəməz onlarla eyni yaşda olduğumu fikirləşirəm.

Əziz dostlar, əgər mənim məktubumu oxudunuzsa, redaksiyaya cavab yazın. Oraya dəqiq ünvanınızı qoyun ki, sizinlə məktublaşa bilim. İnanın ki, sizin hər biriniz üçün burnumun ucu göynəyir. O günləri yenidən yaşamaq istəyirəm. Heç birinizi unuda bilməmişəm. Hamınızın əziz xatirəsi mənim qəlbimdədir. Bəlkə elə ona görədir ki, dörd oğlumun adını Kamil, Valeh, Qasım, Sərvər, nəvələrimin adını isə Hüseyn, Həsən qoymuşam. O ki qaldı Səkinəyə, taleyin qisməti ilə həyat yoldaşımın da adı Səkinədir. Yoxsa onun adını ya qızlarımın, ya da nəvələrimin birinə qoyardım.

Universiteti bitirdikdən sonra bir müddət dostlarla get-gəlişimiz oldu. Lakin illər keçdikcə bir-birimizdən uzaqlaşmağa başladıq. Kimi rayonuna qayıtdı, kimi vəzifəyə getdi, kimi ailə qurub bizdən kənarlaşdı. Mən isə özümə iş tapıb, şəhərdə qaldım. Bir də onda gördüm ki, hamısı ilə əlaqəni itirmişəm. Mənə çox maraqlıdır, görəsən, hər birimizin gizli məhəbbəti olan Səkinə sonda kimə qismət oldu? Hüseyn ona qovuşa bildimi, yoxsa Kamil bu qızın ülvi məhəbbətinə qiymət verdi? Xahiş edirəm, mənim məktubuma biganə qalmayın. Əminəm ki, uşaqlarınız da məni qiyabi tanıyırlar. Şəxsən mən öz balalarıma sizdən çox danışmışam. Bizim keçdiyimiz dostluq yolundan bəhs etmişəm. Onlar həm şəkillərdən, həm də mənim söhbətlərimdən sizi tanıyırlar. Yəqin sizinkilər də bizim dostluğumuz barədə eşidiblər. Əgər elədirsə, qoy kimsə məktubuma cavab versin. Günü bu gündən gözlərim yollara dikiləcək.

Həsənov Səxavət və ya qazaxlı Saşa