Bir oxucunun dəhşətli etirafı

Bir oxucunun dəhşətli etirafı

16 May 2012 16:10
Bəyəndim (0) Bəyənmədim (0)
O, cinayət törətmədiyi halda uzun illər məhbus həyatı yaşamalı olub

Haqq Ulu Yaradanın adlarından biridir. Odur ki, kiminsə haqqını tapdalayanda müqəddəsliyə asi çıxmış olursan.

(El məsəli)

"Salam, hörmətli redaksiya! Mən sizə artıq ikinci dəfədir ki, məktub yazıram. İlk məktubumu 1998-ci ildə yazmışdım, o biri isə indiyə qismət oldu. Arada bu qədər fərqin olması mənim türmədə yatmağımla əlaqədar idi. 1998-ci ildə hələ cəzamı çəkirdim. Bəzi səbəblərdən həmin islah əmək müəssisəsinin nömrəsini yazmıram. Ona görə ki, dustaqların oradan kiməsə məktub göndərməyə icazələri yoxdur. Buna görə onların başları ağrıya bilər. Çox sağ olun ki, o vaxt da mənim xahişimlə həbsxananın nömrəsini gizli saxlamışdınız, sadəcə göndərdiyim şeri çap etmişdiniz.

Ötən ilin dekabr ayının sonlarında azadlığa buraxıldım. Hal-hazırda işləmirəm. Sizə məktub yazmaqda məqsədim odur ki, bəzi mətləblərə aydınlıq gətirəsiniz. Hələ mən türmədə olarkən 2000-ci ildə barəmdə məqalə çap etdirmişdiniz - "Onun daş ürəyi". Yazının tarixi dəqiq yadımda olmasa da, onu bilirəm ki, şerimdən çox sonralar çap edilmişdi. Məzmunu dəqiq yadımdadır. Məqalədə hadisələri birtərəfli işıqlandırmışdınız. Daha doğrusu, mənim yersiz qısqanclıq ucbatından cinayət törətdiyimi bildirmişdiniz. Sizi qətiyyən qınamıram. Yəqin ki, məqaləni ya ittiham aktına və ya məhkəmənin hökmünə əsasən yazmışdınız. Ona görə də orada mənim fikrim əks olunmamışdı. Sözün düzü, məhkəmə iclasında da mən haqlı olduğumu sübuta yetirə bilməmişdim. İndi isə azadlıqdayam və belə bir fürsətim var. Deməli, hadisə belə olmuşdu.

Mən arvadımın xəyanət etməsindən şübhələnirdim. Onun qonşunun oğlu ilə gəzdiyini bilirdim. Bu barədə oğlanın anası bir neçə dəfə mənə məlumat vermişdi. Arvadıma ağıl qoymağımı tələb etmişdi. Buna görə evdə bir neçə dəfə mübahisəmiz düşdü. Arvadıma başa salmağa çalışırdım ki, deyilənləri özümdən çıxarmıram, qonşu arvad dəfələrlə qabağımı kəsib deyib. O isə heç nə eşitmək istəmirdi. Deyilənlərin dedi-qodu olduğunu bildirirdi. Onda mən ona böyük qardaşımın bu barədə fikrini bildirdim. Dedim ki, o da səndən şübhələnib. Qonşuluqda yaşadığı üçün sənin nə işlə məşğul olduğunu yaxşı bilir. Arvadım utanmaq, özünə bəraət qazandırmaq əvəzinə qardaşımın ailəsinin bizə paxıllıq etdiyini bildirdi. Onların həmişə ona qarşı pis fikirdə olduqlarını söylədi. Hətta böyük qardaşımın bir vaxtlar bizim ailə qurmağımıza etiraz etdiyini də mənə xatırlatdı. Onu da deyim ki, mən həyat yoldaşımı qaçıranda qardaşımgil qəti etirazlarını bildirmişdilər. Qızın mədəniyyətsiz və sırtıq olduğunu demişdilər. Mən isə onlara qulaq asmayıb öz bildiyimi eləmişdim. Və buna görə də sonda cəzamı çəkdim. Atalar demişkən, xeyir-duasız işin axırı olmaz. Arvadımı izləməyə başladım. İlk əvvəl heç nə öyrənə bilmədim. Ancaq bir gün hər şeyin üstü açıldı.

Mən təcili kəndə çıxmalı idim. Əmim rəhmətə getmişdi. Ona dedim ki, gəl birlikdə gedək. Xəstə olduğunu bəhanə gətirib evdə qaldı. Mən yola tək çıxdım. Qaradağı keçəndə ürəyimə damdı ki, mütləq evə qayıtmalıyam. Elə də etdim. Təxminən axşam saat yeddi-səkkiz radələrində məhəllədə oldum. Maşını qonşu binanın həyətində saxlayıb, yoluma piyada davam etdim. Arvadıma zəng vurdum ki, guya kəndə çatmışam. O da evdə olduğunu bildirib, mənimlə getmədiyi üçün özünü qınadığını, bayaqdan bəri ağladığını dedi. Qapını döydüm. İşıq yansa da, açan olmadı. Bir xeyli gözləyib, həyətə düşdüm. Yarım saatdan sonra yenidən yuxarı qalxdım. Bu dəfə arvadım qapını açdı. Ondan harada olduğunu soruşduqda, bayaqdan yatdığını bildirdi. Soruşdum, bəs uşaqlar hanı? Mənə onların nənəsigildə qaldığını dedi. Bunu onunla izah etdi ki, guya o özündə deyil, dərd-qəm içərisindədir. O, həqiqəti məndən gizlətsə də, hər şey aydın idi. Məni gözə qoyub məşuqunu evlərinə ötürmüşdü. Bu barədə qayınlarıma məlumat verdim. Böyük bir skandal yarandı. Hər ikimizi sorğu-sual etdilər. Axırda bacılarına haqq qazandırıb məni günahkar bildilər. Tapşırdılar ki, bir də bu haqda danışmayım, yoxsa mənə pis olar. Uşaqlarımın xətrinə hər şeyə dözmək qərarına gəldim. Fikirləşdim, bəlkə səhvini başa düşüb düz yola qayıdar? Ancaq elə olmadı. Bir gün onunla ağızlaşarkən məni evdən qovdu. Onunla mübahisə etməyib anamgilə getdim. Cəmi iki gündən sonra məni tutub apardılar. Adam öldürməkdə ittiham edərək həbsə aldılar. Cinayət törədilən gün anamgildə olduğumu, evdən bayıra çıxmadığımı desəm də, mənə inanan olmadı. Hətta şahidlərimin ifadəsini də qulaqardına vurdular. Arvadımın və qayınlarımın təkidi ilə günahkar mən sayıldım. Ölənin anası da məni təqsirkar bildi. Oğlunun qətlində ancaq məndən şübhələndiyini dedi. Məhkəmənin qərarı ilə 14 il 6 ay azadlıqdan məhrum edildim.

İlk əvvəl dünyanın axırı olduğunu, bir daha azadlığa çıxa bilməyəcəyimi düşünsəm də, sonradan şəraitə uyğunlaşdım. Sağ olsunlar, yoldaşlar da mənə ürək-dirək verdilər. Bu arada dini və bədii ədəbiyyatları mütaliə etməyə başladım. Savadımı, dünyagörüşümü xeyli artırdım. Anladım ki, düşdüyüm çətin vəziyyət mənim üçün bir imtahandır. Bu imtahandan da alnıaçıq-üzüağ çıxdım. Məni bu günə salanlarsa öz cəzalarına çatdılar. Arvadımı 2009-cu ilin 19 dekabr günü maşın vurdu. O da məşuqunun yanına "getdi". Elə ona görə də onun adını məktubumda hallandırmadım. Uşaqlarım hal-hazırda nənəsinin yanında qalırlar. Artıq onlar da başa düşürlər ki, ataları heç kimi öldürməyib və ömrü türmədə nahaq yerə çürüdüb.

Əziz redaksiya heyəti və oxucular! Elə bilməyin ki, mən mərhumların arxasınca danışmaqla özümə bəraət qazandırmağa çalışıram. Elə deyil. Mən bir mömin adam kimi bunun ağır bir günah olduğunu anlayıram. Sizə bu məktubu yazmaqda məqsədim odur ki, bir vaxtlar məni cani sananlar yanıldıqlarını başa düşsünlər. Qoy hər kəs bilsin ki, türmələrdə yatanların hamısı cinayətkar deyil".

Ərəstun Həsənov

SON SÖZ ƏVƏZİ: Həbsxanaları cəmiyyətdən dəmir barmaqlıqlar ayırır. Biz onları qəfəsdə gördüyümüz kimi, onlar da bizi qəfəsdə görürlər. Kim bilir, bəlkə cani onlar deyil, bizik?! Axı onları cinayət yoluna sürükləyən bizim yaşadığımız cəmiyyətdir?!

O.M.