Maykl Cekson haqqında film kinoprokatda 1 milyard dollar toplayan ilk bioqrafik film oldu
Əfsanəvi müğənni Maykl Cekson haqqında çəkilmiş "Maykl" bioqrafik filmi aprelin 23-də ekranlara çıxıb və artıq dünya prokatında 1 milyard dollardan çox gəlir əldə edib.
Nəticədə film "Lionsgate" studiyasının ən gəlirli layihəsi və tarixdə ən çox gəlir gətirən bioqrafik film olub. Oxuməni.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat verib.
"Maykl" filmi müğənninin "Jackson 5" qrupundan pop musiqisinin kralı statusuna qədər keçdiyi yolu əks etdirir. Maykl Cekson rolunu onun qardaşı oğlu Cəfər Cekson canlandırıb.
Ekran əsəri ABŞ kinoteatrlarında 371,8 milyon dollar, dünyanın qalan hissəsində isə daha 629,8 milyon dollar toplayıb. Maraqlıdır ki, bioqrafik film təkcə ilk həftəsonunda 314 milyon dollar qazanıb.
Beləliklə, film 2018-ci ildə çıxan və indiyədək ən gəlirli musiqili bioqrafik film hesab olunan "Queen" qrupu haqqındakı "Bohemian Rhapsody"ni geridə qoyub. Həmin film öz dövründə 911 milyon dollar gəlir əldə etmişdi.
"Maykl" həmçinin məşhur bir şəxsiyyət haqqında çəkilmiş ən uğurlu film olan və 975 milyon dollar qazanan 2023-cü il istehsalı "Oppengeymer"i də üstələyib.
Yeri gəlmişkən, bu, həm də "Lionsgate" studiyası üçün ən çox gəlir gətirən filmdir. Əvvəllər bu titul 2013-cü il istehsalı olan "Aclıq oyunları: Alovu tutanlar" (865 milyon dollar) filminə məxsus idi.
Bu il indiyədək 1 milyard dollar həddini yalnız "Universal" studiyasının "Super Mario: Qalaktika filmi" animasiya filmi keçə bilib ki, o da 1,008 milyard dollar toplayıb. "Disney"in "Oyuncaqlar tarixi 5" filmi isə hazırda 879,1 milyon dollar gəlir əldə edib.
Almaz Həsənli





























































































