Türkiyənin ulduzu: “Musiqi susdurulmamalıdır”

Türkiyənin ulduzu: “Musiqi susdurulmamalıdır”

18 Yanvar 2017 16:58
Bəyəndim (0) Bəyənmədim (0)
“Yanaram eşqinə, can yar” deyən Yağmur Yalçın sənətdə yüksəlişindən danışdı

Musiqi bütün dünya insanının anladığı yeganə dildir. Bu dil həm də səmimiyyətin, xoş duyğuların, ülvi hisslərin dilidir. Çünki hər bir not ilk növbədə qəlbə xitab edir və düşüncələr qəlbin diqtəsi ilə formalaşır. Türkiyə incəsənətinin parlayan ulduzu Yağmur Yalçınla məhz bu dildə danışdıq. Onu zirvələrə aparan ecazkar sənətinin pillələrində birgə addımlamağa çalışdıq.

- Yağmur xanım, lütfən özünüz haqqında məlumat verərdiniz. Bu sənətə bağlılıq sizdə necə yaranıb?

- İlk dəfə 11 yaşımda Sinop türküsü ilə Sinopda bir konsert proqramında səhnəyə çıxdım. Nəğmələr oxuya-oxuya səhnələrdə çıxışlarımı davam etdim. Xalq konsertləri, bələdiyyə konsertləri, festivallar, dərnək proqramları və digər Türk xalq musiqisi konsertlərində oxuya-oxuya püxtələşdim. Hələ ibtidai sinifdə oxuyarkən musiqi müəllimim Mehmet Candan səsimin pop musiqisinə yaxın olduğunu kəşf etmişdi. Onun tövsiyəsi ilə Türk xalq musiqisinin uşaq kurslarına başladım. 11 yaşımda ilk dəfə səhnəyə çıxdım. Demək olar ki, musiqi çalışmalarıma uşaqlığımdan bəri ara vermədən davam edirəm. 2000-ci ildə Qara dəniz musiqi yarışmasında bölgə birinciliyi və 2001-ci ildə Sinopda xalq musiqi yarışmasında birinciliyi aldım. İndi əminliklə deyə bilərəm ki, musiqi mənim həyatımın ayrılmaz bir parçasıdır.

- Həyat təkcə mənəviyyatdan ibarət deyil. Maddi durumunuz mənəvi ehtiyaclarınızı ödəməkdə yetərli idimi?

- Maddi anlamda ailəmin durumu elə də yaxşı deyildi. Amma mən prinsipial olaraq sənətimin ardınca gedirdim. Repertuarım çoxşaxəli olduğundan tezliklə özümə dinləyici auditoriyası toplaya bildim. Bir tərəfdən xalq musiqisi proqramları təşkil edərək, digər tərəfdən təhsilimə davam edirdim. Əsasən universitetdə təhsil aldığım dövrlərdə maddi anlamda çox sıxıntılar yaşadım. Ailəmə yük olmamaq adına universitetdə mini konsertlərdə çıxış edirdim. Musiqidən pul qazanaraq məktəbimi davam etdirməyə çalışırdım. Peşəkarlığımı artırmaq üçün bir müddət sonra İstanbula gəldim.

- Qocaman İstanbul sizi nə kimi sürprizlərlə qarşıladı?

- İstanbulda musiqi sektoruna daxil olmaq bir az çətindir, tanınmaq, ayaqda qalmaq zəhmət, əziyyət tələb edir. Bu çətinliklərin arasında televiziya proqramlarına dəvət almağa başladım. Uzun illər albom çıxartmaq istəyimi imkansızlıqdan həyata keçirə bilmirdim. Nəhayət ki, 2005-ci ildə bu istəyim həyata keçdi və ilk albomumun çalışmalarına başladım. Anam, atam sənətimdə mənə çox dəstək oldular, hər zaman yanımda var olmağa çalışdılar. Uzun illər sənət pillələrində təkbaşına yüksəlməyə çalışdım. Bu gün məqsədim musiqi aləmində böyük işlər görməkdir. Hədəfimə çatmaq yolunda qarşımda heç bir maneə dura bilməz.

- İncəsənətdə bu günə qədər qətt etdiyiniz yoldan razısınızmı?

- Konya "Selcuk" universitetinin sənət öyrətmənliyi məzunuyam. Sinop bələdiyyə konservatoriyası türk xalq musiqisi uzmanlığında səs eyitimi aldım. Bir çox televiziya kanallarına qanaq sənətçi olaraq qatıldım, xalq musiqi proqramım da oldu televiziya kanallarında. TRT proqramlarına qonaq olaraq qatıldım. 2005-ci ildə 13 mahnıdan ibarət "Arzum" adlı Türk xalq musiqisi albomunu çıxartdım. Bu albom hal-hazırda Avrasiya-Türk radio kanalında yayımlanmaqdadır. TRT musiqi kanalında "Yuxular haramdır mənə" türkümə çəkilmiş klip nümayiş olundu.

Hər yerin, hər bölgənin türkülərini oxuyuram. Türk xalq musiqisi sevənlərini əlimdən gəldiyi qədər, dilim döndüyü qədər qucaqlamağa çalışıram.

- Hazırda musiqi parçalarına çəkilmiş kliplərdən maddi gəlir əldə etmək olmur. Bəs siz gəlirinizi nə ilə təmin edirsiniz?

- Əvvəlki dövrlərdən fərqli olaraq indi musiqi albomlarından gəlir əldə etmək olmur. Amma albom buraxmaq mənim xəyallarımdır, xəyallarıma toxunmaq üçün yapmaq istədim. Çünki insan eləmədiklərinin peşmançılığını bir ömür boyu yaşayır. Onsuz da çox böyük maddi gəlir düşüncəsilə, zəngin olacağam xəyalları ilə, ya da ünlü olacağam planları ilə bu albomu yapmadım. Bu mövzuda xəyallarıma qovuşduğumu, xəyallarım adına addım atdığımı düşünürəm.

- Seriallarda oynamaq üçün təkliflər alırsınızmı?

- Mən zatən serial məsələsini heç düşünmürəm. Serial təklifi anlamında hər hansı bir təklif, danışıq olmayıb. Amma zaman-zaman kliplərdə yer alıram. Mənim amacım sadəcə musiqi yaratmaq, musiqi ifa etməkdir. Buna görə də seriallarda çəkilməyi hələ düşünmürəm. Hazırda sağlamlığını itirmiş uşaqlara musiqini tədris edirəm. Bundan böyük zövq alıram. Çünki uşaqları çox sevirəm. Onların qayğıya, nəvazişə böyük ehtiyacı var. Əlil uşaqların biz böyüklərdən gözləntiləri daha çoxdur.

- Azərbaycanlı sənətkarlardan kimləri dinləyirsiniz?

- Azərbaycan sənətçilərindən Zeynəb Xanlarova, Alim Qasımov, Azərini dinləyirəm və bu sənətçiləri çox sevirəm. Onlar kimi bir çox azərbaycanlı sənətçilərə qulaq asıram. Azərbaycan türkülərini həqiqətən çox sevərək dinləyirəm.

- Azərbaycanda layihələr etmək kimi planlarınız varmı?

- Azərbaycanı çox sevirəm. Orada konsert vermək mənim ümdə arzularımdan biridir. İnşallah, dəvət edildiyim zaman Azərbaycana səfər edəcəyəm. Azərbaycanda bir konsert xəyalım var, azəri türküləri üzərinə. Təbii ki, oradakı azərbaycanlı yurddaşlarımızla görüşüb-danışmaq, onların o gözəl mədəniyyətlərini yaşamaq istəyirəm.

- Azərbaycan mahnılarını ifa edirsinizmi?

- Azərbaycan türkilərini çox sevirəm, repertuarımda da Azərbaycan türkilərinə yer verirəm. " Arzum" adlı musiqi albomunda "yanaram eşqinə, can yar" adlı bir azəri musiqisinə müraciət etmişəm. Azərbaycandakı dinləyicilərim də internetdən "Arzum" adlı albomumu sevərək dinləyirlər. Həqiqətən Türk xalq musiqisini sevən, xalq musiqisinin doğruluğuna inanan insanlar tərəfindən bu albom çox sevilib.

- Son olaraq oxucularımıza nə demək istəyərdiniz?

- İlk öncə onu demək istəyirəm ki, musiqi susdurulmamalıdır. Çünki musiqi birliyin, qardaşlığın rəmzidir. Ən ülvi duyğulardan biridir. Hər kəsin musiqi qanadlarında pərvaz etməsini, həyatdan zövq almasını diləyirəm. Sizlərə sevgi və hörmətlərimi bildirirəm və müsahibə üçün çox-çox təşəkkür edirəm.

Dünyada ən incə sənət həyat sənətidir. Həyatın incəliklərini anlayan hər kəs həm sənətində, həm də cəmiyyətdə yüksəklikləri fəth edə bilir. Türkiyə səhnəsinin parlayan ulduzu Yağmur Yalçın kimi...

İsa Rəvan

Mediainfo.az