"Barselona" Mərakeş əsilli 17 yaşlı ulduzun maaşını 19 dəfə artıracaq
İspaniyanın "Barselona" klubu mərakeş əsilli hücumçusu Lamin Yamala (Lamine Yamal Munir Nasraui Ebana) illik 8 milyon avro maaşla yeni müqavilə təklif edəcək.
Yamal 18 yaşı tamam olandan sonra katalonlarla yeni müqavilə imzalayacaq. Mənbəyə görə, onun maaşı ildə 8 milyon avro olacaq. Bu, gənc istedadın hazırda aldığı 420 min avrodan 19 dəfə çoxdur. Yamal "Barselona"da Robert Levandovski və Frenki de Yonqdan sonra ən çox maaş alan üçüncü futbolçu olacaq.
“Müqavilənin nə vaxt imzalanacağını bilmirəm, amma düşünürəm ki, bu, tezliklə baş verəcək. Günün sonunda Barça həyatımın klubudur. Ümid edirəm ki, onlarla müqaviləmi uzadacam və mümkün qədər uzun müddət komandada olacam. Mən İspaniya liqasında oynamaq istəyirəm",-deyə Yamal bildirib.
Bu mövsüm 17 yaşlı Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 29 oyun keçirib, 10 qol vurub və 15 məhsuldar ötürmə edib.
Lamin Yamal 2023-cü ilin aprelində 15 yaş 9 aylıq olanda "Barselona"nın əsas heyətində meydana çıxıb. 2024-cü ilin yayında Yamal İspaniya millisinin tərkibində bütün matçlarda start heyətdə meydana çıxaraq Avropa çempionu oldu. O millidə 17 oyun keçirib və 3 qol vurub.
Transfermarkt Yamalın bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir. O, Vinisius (200 milyon avro), Erlinq Haaland (200 milyon avro), Jude Bellinqhem (180 milyon avro) və Kilian Mbappe (160 milyon avro) ilə birlikdə ən bahalı futbolçular beşliyinə daxildir.
Qeyd edək ki, Lamin Yamal 13 iyul 2007-ci ildə İspaniyanın Esplugues de Llobregat şəhərində mərakeşli ata Munir Nasraui və ekvatorial qvineyalı qadın Şeyla Ebananın ailəsində anadan olub. Yamalın valideynləri 3 yaşında ikən ayrılsalar da onlar övladlarını birgə böyüdüblər və həmişə onun yanında olublar.
Əziz Mustafa, Oxuməni.az