Maradonanı ölümündən əvvəl müalicə edən həkimlər mühakimə olunacaq

Maradonanı ölümündən əvvəl müalicə edən həkimlər mühakimə olunacaq

14:02
Bəyəndim (3) Bəyənmədim (0)


Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın son günlərində ona qulluq edən səkkiz tibb işçisindən yeddisi, onun ölümünə səbəb olan qəsdən adam öldürmə və cinayət ehtiyatsızlığı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb, “BBC” yazır.
Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Ölümündən bir qədər əvvəl onun beynindən qan laxtası çıxarılmışdı. Futbolçu spirtli içki və narkotik asılılığından da müalicə alıb.
İstintaq onun ölümündən az sonra başlayıb. 2021-ci ildə 20 ekspertdən ibarət komissiya həkimlərin və tibb bacılarının hərəkətlərinin “uyğunsuz, qeyri-adekvat və məsuliyyətsiz” olduğu qənaətinə gəlib. Onların fikrincə, Maradona ixtisaslaşmış klinikada müalicə olunsa, sağ qalmaq şansı daha yüksək idi. Lakin futbolçu evdə nəzarət altında qalıb.
Təqsirləndirilənlər arasında Maradonanın şəxsi həkimi, neyrocərrah Leopoldo Luke, psixiatrı və bir neçə tibb bacısı da var. Onların hamısı günahlarını etiraf etmirlər. Argentina qanunlarına görə, onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Məhkəmə iclasları Buenos-Ayresin ətrafı olan San-İsidroda keçirilir. Prosesin iyul ayına qədər davam edəcəyi gözlənilir. Məhkəmədə futbolçunun ailə üzvləri və illər ərzində onu müalicə edən həkimlər də daxil olmaqla yüzdən çox şahid ifadə verəcək.
Dieqo Maradona tarixin ən böyük futbolçularından biri hesab olunur. FİFA-nın rəsmi saytında keçirilən səsvermədə o, 20-ci əsrin ən yaxşı oyunçusu seçilib.
Karyerasının ikinci yarısında Maradona narkomaniya ilə mübarizə aparırdı. 1991-ci ildə narkotik testi müsbət çıxdıqdan sonra o, 15 ay müddətinə diskvalifikasiya edilmişdi.
Maradonanın ölümü Argentinanı şoka saldı və ölkəni koronavirus pandemiyasının ən yüksək zirvəsində yas vəziyyətinə saldı. On minlərlə insan Dieqonun tabutu prezident sarayında nümayiş etdirilərkən onunla vidalaşmaq üçün növbəyə düzülmüşdülər.
Almaz Həsənli