
Azərbaycanın DÇ-2026-nın seçmə mərhələsindəki son rəqibi müəyyənləşib
Ötən il dekabrın 13-də Sürixdə dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticəsinə əsasən, D qrupunda mübarizə aparacaq Azərbaycan millisi Millətlər Liqasının 1/4 finalında Xorvatiyaya qalib gələn Fransa ilə qarşılaşacaq.
Matçın əsas vaxtı 2:0 hesabı ilə başa çatıb (ilk oyun 0:2 xorvatların xeyrinə olub). Penaltilər seriyasında fransızlar 5:4 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Azərbaycan yığmasının seçmə mərhələsindəki D qrupundakı rəqibləri Fransa, Ukrayna və İslandiya olacaq. Qrupların qalibləri dünya çempionatına vəsiqə qazanacaq, ikinci yeri tutan komandalar isə pley-offda oynayacaqlar.
Qrupumuzun iştirakçıları üçün təsnifat mərhələsi 2025-ci ilin sentyabrında başlayacaq.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək və turnirə eyni vaxtda üç ölkə - ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Turnirin final hissəsində ilk dəfə olaraq 48 komanda iştirak edəcək.
Almaz Həsənli