"Tottenhem" Avropa Liqasının finalında "Mançester Yunayted"i məğlub edərək 17 ildə ilk kubokunu qazanıb

"Tottenhem" Avropa Liqasının finalında "Mançester Yunayted"i məğlub edərək 17 ildə ilk kubokunu qazanıb

10:01
Bəyəndim (2) Bəyənmədim (0)

"Tottenhem" və "Mançester Yunayted" arasında UEFA Avropa Liqasının 2024/2025 mövsümünün final oyunu başa çatıb. Komandalar Bilbaodakı "San Mames Barria" stadionunda çıxış ediblər. Qarşılaşmanın baş hakimi qismində almaniyalı Feliks Çvayer çıxış edib. Görüşdə "Tottenhem Hotspur" 1:0 hesabı ilə qalib gəlib.

Matçın 42-ci dəqiqəsində “Tottenhem”in cinah oyunçusu Brennan Conson sol cinahdan ötürmədən sonra hesabı açıb. İlk hissənin sonunda vurulan qol matçda yeganə qol kimi qalıb.

Beləliklə, "Tottenhem" ikinci ən vacib avrokubok turnirinin qalibi oldu.

“Tottenham” kubokun üçqat qalibi oldu. Londonlular daha əvvəl 1972 və 1984-cü illərdə UEFA Kubokunu qazanıblar. “Mahmızlar” 2008-ci ildən sonra ilk kubokunu qazanıb, həmin ildə londonlular İngiltərə Liqa Kubokunu qazanıblar.

Avropa Liqasındakı qələbə sayəsində hazırda Premyer Liqada 17-ci pillədə qərarlaşan Angelos Postekoqlunun komandası növbəti mövsümdə UEFA Çempionlar Liqasının 2025/2026-cı il mövsümündə çıxış edəcək.

Almaz Həsənli