
"Çelsi" "Betis"i darmadağın edərək ilk dəfə Konfrans Liqasının qalibi oldu
Sevilya təmsilçisi "Real Betis" və Londonun "Çelsi" klubu arasında 2024/2025 UEFA Konfrans Liqasının finalı başa çatıb. Komandalar Vrotslavdakı (Polşa) “Tarçinski Arena”da qarşılaşıblar. Matçı İrfan Pelto (Sarayevo, Bosniya və Herseqovina) idarə edib. "Çelsi" 4-1 hesabı ilə qalib gəlib.
Hesabı 9-cu dəqiqədə “Betis”in yarımmüdafiəçisi Eze Abde açıb. "Çelsi"nin cavab qolunu 65-ci dəqiqədə yarımmüdafiəçi Enzo Fernandes vurub. 71-ci dəqiqədə hücumçu Nikolas Cekson "mavilər"i hesabda irəli çıxarıb. 83-cü dəqiqədə hücumçu Ceydon Sanço fərqlənib. 90+1-ci dəqiqədə oyunun yekun nəticəsini yarımmüdafiəçi Moyses Kaysedo təyin edib - 4:1.
London klubunun özünəməxsus nailiyyəti var: “Mavilər” öz tarixi boyu Çempionlar Liqası, Avropa Liqası, UEFA Super Kubokunu qazanıb, indi də komanda Konfrans Liqasının kubokuna sahibdir.
Londonlular iki dəfə Çempionlar Liqasının qalibi (2012 və 2021-ci illərdə), iki dəfə Avropa Liqasının qalibi (2013 və 2019-cu illərdə), Konfrans Liqasında uğur qazanıblar (2025-ci ildə), Kuboklar Kubokunun qalibi (1971 və 1998-ci illərdə), UEFA Super Kubokunun (1998-ci ildə və 2021-ci illərdə) və 2021-ci ildə klublararası dünya çempionatının qalibi olublar.
Almaz Həsənli