Mingəçevir gəncləri toplantı keçiriblər

Mingəçevir gəncləri toplantı keçiriblər

26 May 2011 00:33
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 25-də Mingəçevirdə gənclərin ümumşəhər toplantısı keçirilmişdir. "Firəngiz" şadlıq sarayında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək demişdir ki, Prezident İlham Əliyev ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nı hazırlayacaq işçi qrupunun yaradılması üçün bu il aprelin 6-da Sərəncam imzalamışdır. Hazırda Dövlət Proqramının layihəsi üzərində iş aparılır. Fərəhli haldır ki, bu proqramın hazırlanmasında gənclərimiz böyük fəallıq göstərirlər. M.Ağayev proqramın hazırlanmasında mingəçevirli gənclərin də yaxından iştirak etməsinin və təkliflər irəli sürməsinin vacibliyini qeyd etmişdir. O, bu proqramın Azərbaycan gəncliyinin gələcəyində mühüm yer tutacağını vurğulamışdır. Natiq qeyd etmişdir ki, ötən ay Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi, onları dinləməsi Azərbaycan dövlətinin gənclərə olan münasibətinin göstəricisi olmaqla yanaşı, şübhəsiz, gələcək uğurlarımıza yol açır, proqramın hazırlanmasına gənclərin daha fəal cəlb edilməsinə imkan verir.
YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri Samirə Hacıyeva, Heydər Əliyev muzeyinin direktoru Bəxtiyar Mustafayev, "Az.İES" MMC-nin şöbə müdiri Emin Paşayev, şəhər mərkəzi xəstəxanasının həkimi Mətanət Muxtarova, Mingəçevir Politexnik İnstitutunun müəllimi Nizami Zeynalov, "Azyolmaş" ASC-nin baş mühasibi Zaur Quliyev, tələbələr və orta məktəblərin müəllimləri çıxış edərək arzu və təkliflərini bildirmişlər.
Şəhərdə gənclərlə aparılan işləri əlaqələndirən bir qrupun yaradılması da təklif olunmuşdur. Qrupun əsasnaməsinin hazırlanması YAP şəhər təşkilatının Gənclər Birliyinə tapşırılmışdır.
Bildirilmişdir ki, toplantıda gənclərin müxtəlif sahələrlə bağlı irəli sürdükləri 30-dan artıq təklif ümumiləşdirilərək Dövlət Proqramını hazırlayan işçi qrupuna göndəriləcəkdir. Sonda Prezident İlham Əliyevə şəhər gəncləri adından müraciət qəbul edilmişdir.

Könül Aypara