Elbrus dağına dırmanarkən altı alpinist həlak olub

Elbrus dağına dırmanarkən altı alpinist həlak olub

10:08
Bəyəndim (1) Bəyənmədim (0)

Kabarda-Balkariyada Elbrus dağına dırmanarkən altı alpinist həlak olub. Rusiya İstintaq Komitəsinin region üzrə idarəsindən bazar günü verilən məlumata görə, zirvəyə iki qrup yola düşüb: yeddi əcnəbi və iki rusiyalı. Oxuməni.az xəbər verir ki, regionun Fövqəladə Hallar Nazirliyi "Elbrus 07" Telegram kanalına istinadən bildirib ki, birinci qrupda Bosniya və Herseqovinanın beş vətəndaşı, ikinci qrupda isə bir nəfər həlak olub.

İyulun 25-i axşam saatlarında hava şəraitinin kəskin pisləşməsi səbəbindən bosniyalılar qrupu marşrutdan azıb. Alpinistlərdən biri aşağı düşərək 5100 metr yüksəklikdə iki iştirakçının özünü pis hiss edərək vəfat etdiyini bildirib. Daha sonra xilasedicilər daha bir sağ qalan şəxsi və üç nəfərin cəsədini aşkar ediblər.

"Baza" Telegram kanalının yazdığına görə, qrup qeydiyyatdan keçmiş və təcrübəli olub, lakin ağır hava şəraiti – küləyin sürətinin təxminən 70 km/saata çatması və qar çovğunu səbəbindən faciənin qarşısını almaq mümkün olmayıb. Bosniya mediası bildirib ki, ekspedisiyanın yeddi iştirakçısı Bosniya və Herseqovinanın mərkəzi hissəsində yerləşən Zenitsa şəhərinin sakinləri olub. Onların arasında evli cütlük və bir qadın həkim də olub.

Rusiya dövlət agentliklərinin məlumatına görə, pis hava şəraiti səbəbindən hələlik azı üç cəsəd ərazidən çıxarılmayıb. İstintaq idarəsi tərəfindən "iki və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olma" maddəsi ilə cinayət işi başlanıb.

Almaz Həsənli