Hacı Məmmədovun vəkili Ali Məhkəməyə müraciət hazırlayır
Afət Qazıyeva: "Yaxın günlərdə müraciətimiz olacaq"
Ömürlük həbsdə olan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəkili Afət Qazıyeva Ali Məhkəməyə müraciət hazırlayır. "Yeni Müsavat" əməkdaşının suallarını cavablandıran vəkil deyib ki, hazırda müvəkkilinin Ali Məhkəməyə müraciətini hazırlayır: "Hacı Məmmədova hüquqi yardım göstərirəm, yəqin ki, yaxın günlərdə müraciətimiz olacaq"
A.Qazıyeva 2005-ci ildə Hacı Məmmədovla birgə həbs olunaraq məhkəmə qarşısına çıxarılmış Faiq Quliyevin vəkili olub. Hacı Məmmədov və digərilərinin Bakı Ağır Cinayətlər Məhkəməsində, sonradan isə Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmə iclaslarında F.Quliyevin müdafiəçisi olaraq çıxış edib. Bu baxımdan işə bələd olan vəkillərdəndir.
Bu arada H.Məmmədovun işi üzrə həbs olunaraq ömürlük həbsə məhkum olunmuş DİN generalı, qurumun Cinayət Axtarış İdarəsinin rəisi olmuş Zakir Nəsirovun vəkili Adil İsmayılovun müvəkkilinin əfvi üçün prezidentə müraciət etməsi xəbəri yayılıb. Vəkil "Yeni Müsavat"a bildirib ki, belə bir müraciətləri olmayıb. A.İsmayılov H.Məmmədovun işin yenilənməsi ilə bağlı müraciət edəcəyi haqda mətbautdan məlumat aldığını bildirib. Qeyd edib ki, hələlik işlə bağlı onlara hər hansı bir rəsmi məlumat verilməyib: "Hacı Məmmədov özü vəkili vasitəsi ilə müraciət edə bilər. Onun belə bir müraciəti əsaslı olardı. Çünki birbaşa özünə aid məsələ haqda deyir, araşdırlmasını istəyir. Onların müraciəti əsasında işə yenidən baxıla bilər. Biz isə tərəf olaraq mətbuatdakı çıxışlara istinad edib Ali Məhkəməyə yaza bilmərik".
A.İsmayılov müvəkkilinin barəsindəki hökmün əsassız olduğunu bir daha diqqətə çatdırıb: "Zakir Nəsirov etmədiyi cinayətə görə həbsdədir. Bunu dəfələrlə demişik".
Ali Məhkəmə aparatının vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsindən sorğumuza cavab olaraq bildiriblər ki, Hacı Məmmədovun müraciəti daxil omayıb.
Yada salaq ki, Hacı Məmmədov ömürlük məhkum olunandan sonra gözlənilənlərin əksinə olaraq Qobustan qapalı həbsxanasına köçürməyiblər. Onu bir qədər əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlayıblar. Eldar Mahmudov nazir vəzifəsindən uzaqlaşdırılandan az sonra Hacı Məmmədov işin yenidən araşdırılmasını tələb etməyə başlayıb. Məşhur arestantın bacısı Arifə Məmmədova bir müddət əvvəl "Yeni Müsavat"a açıqlama verərək bildirib ki, qardaşını MTN-də son 10 il faktiki girov vəziyyətində saxlayıblar. A.Məmmədovanın sözlərindən aydın olub ki, Hacı Məmmədov işin yenidən araşdırılmasını tələb edir. Buna görə də ona yeni vəkil tutulub.
"Hüquqi dövlət" araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxış "Yeni Müsavat"a bildirib ki, H.Məmmədovun yeni faktlar açıqlamaq istəyi ilə bağlı Ali Məhkəmənin plenimuna təqdimat verilə bilər. Ali Məhkəmə Hacı Məmmədovla bağlı çıxarılan qərarları ləğv edə və təkrar araşdırma üçün işi 2-ci istansiya məhkəməsinə göndərə bilər: "İkinci bir hal isə yeni açılmış hallarla bağlıdır. Cinayət Prosesual Məcəlləsinin yeni açılmış hallarla bağlı Ali Məhkəmə həmin işi ləğv edə və məhkəməni hətta birinci istansiya məhkəməsinə qaytara bilər. Digər hallarda işin ibtidai istintaqa qaytarılması mümkün deyil".
M.Baxış hesab edir ki, əgər araşdırma nəticəsində H.Məmmədov və digərlərinə qarşı irəli sürülən ittihamlar təsdiqini tapmasa, bu barədə prokurora məlumat verməlidir. Əgər ittihamlar təsdiqini tapmasa birinci istansiya məhkəməsi bəraət hökmü çıxara bilər. Qeyd edək ki, Hacı Məmmədov və digərləri 2005-ci il martın 10-da MTN-in keçirdiyi "Qara Kəmər" əməliyyatı zamanı həbs olunublar. 2006-cı ildən 2007-ci ilə qədər davam edən məhkəmə zamanı H.Məmmədov yarımçıq ifadələr verməklə, bir-birinə zidd olan fikirlər səsləndirib. Məhkəmənin keçirildiyi günlərdə mətbuatda onun həqiqəti gizlətməyə çalışdığı haqda çoxsaylı yazılar dərc olunub. Hacı Məmmədovun yarımçıq ifadələri ilə yaddaşlarda qalan məhkəmənin sonunda onun özü də daxil olmaqla, DİN-in keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Zamində olan 3 nəfərdən biri - İbrahim Bağırovun işi xitam edilib. Digər 2 nəfər - Azər Əliyev və Aqil Hüseynov isə 2 il şərti cəza alıblar. Onlar saxta sənəd hazırlamaqda, dələduzluq və sair bu kimi əməllərdə təqsirli bilinirdilər. Qalan 13 nəfərə isə 8 ildən 15 ilədək həbs cəzası verilmişdi.
Mediainfo.az




































































.jpg)
.jpg)
.jpg)





















