Sevənlərin cəfası
İçdim ki, eşq şərabın,
Röyalardan oyanım.
İçmədim ki, mən səndən,
Ayrı gəzim, dolanım.
Nələr istədim, nələr,
Nələr çıxdı qarşıma.
Nələr düşündüm, nələr,
Nələr gəldi başıma.
Üsyan etdim sevgiyə,
Bir də sevmərəm deyə.
İsa Rəvan
Susuz güllər açmadığı kimi, sevgisiz də səadət əldə etmək olmur. Sevmədən yaşamaq, yaşayarkən də sevməmək mümkün deyil. Sevgi iki qəlbin qarşılıqlı yaşadığı ülvi bir hissdir ki, onu bərabər paylaşırlar. Sevən hər bir aşiq bu eşq yoluna qədəm qoyarkən yalnız amalına çatmaq ümidi ilə yaşayır. Lakin çox vaxt həyatda olduğu kimi sevgidə də düşündüklərinin əksi olur. Seçim səhv olanda nələr düşünüb, nələr istəyirdinsə onlarla deyil, başqa hallarla qarşılaşırsan. Onda da ayrılıq, həsrət içində hicran atəşində yanırsan. Gələn çoxsaylı müraciətlər bunları deməyə əsas verir.
(050) –91-25 nömrəli mobil telefonun sahibi olan xanım Şimal bölgəsindən yazır: Hər vaxtınız xeyir, İsa Rəvan. Sizi narahat edirəm, bağışlayın. Qəzetdən götürdüm nömrənizi. Qəzetiniz bura da gəlib çıxıb. Birinci dəfədir ki, sizə yazıram. 40 yaşım var, bir aydır boşanmışam. Övladlar, qohumlar hamısı məni qınayırlar. Heç kim mənə doğru olanı demir. Bu yaşımda onun zülmlərinə dözə bilmədim, Hamıya zülm çəkdirirdi. Dedim hamı mənim tərəfimdə olar, amma hamı qınadı məni. İndi də evdə çox adam olsa da, ətrafda qohumlar, uşaqlar, valideynlərim də məni qınayırlar. Bu qədər millətin içində təkəm. Hamı mənə artıq adam kimi baxır. Depressiya keçirirəm, köməyə ehtiyacım var. Mən nə edim? Bəlkə siz kömək edəsiniz, xahiş edirəm. Sağ olun.
İsa Rəvan: Ülvi duyğular yaşanan yerdə kobudluğa yer yoxdur. Sevgi kobudluğu, diqqətsizliyi sevmir. Hər sevgini də ülvi duyğu kimi qəbul etmək olmaz. Əsl sevgi üzərində qurulan ailənin ömrü də uzun olur. Çünki onun təməli də beton dirəklər kimi möhkəmdir. Ona nə qədər sellər, sular toxunsa da, dəyib geri qayıdacaq. Ancaq ötəri hiss üzərində qurulan ailənin ömrü isə qısa olur. Çünki onun təməli qum üzərində qurulan evə bənzəyir. Ona yağışlar, küləklər dəyən kimi dağılacaq. Ailə müqəddəs bir ocaqdır. Ona görə də ailə həyatı qurmazdan əvvəl sevdiyin insanla bir-birinizi yaxından tanımağınız gərəkdir. Siz boşanmanızın əsas səbəbini tam halında yazmamısınız. Ona görə də fikirlərim birmənalı olmaya da bilər.
Ocaq közsüz, ailə də söz-söhbətsiz olmaz. Hər bir ailədə hansısa problemə görə narazılıq yarana bilər. Belə xırda narazılıqlar ailəni dağıtmağa əsas vermir. Yaşınız da elə yaşdır ki, yetərincə həyat və ailə təcrübəniz var. Yaşınıza görə yəqin ki, neçə ildir ailəlisiniz və çox güman ki, övladlarınız da böyükdür. Övlad evin sevinci, valideynləri bir-birinə bağlayan ümumi vəhdətidir. İndi onların bu yaşında ailəni dağıtmaq heç də düzgün olmaz. Bu vaxta qədər yoldaşınızı yola vermişdinizsə, bundan sonra da bunu bacarardınız. Məgər ailə həyatı quranda onu tanımırdınızmı? Bəlkə də kənardan kimlərsə sizə nələrsə deyib öyrədiblər. Ancaq bugünkü gündə həmin adamlar da kənara çəkilərək sizi qınayırlar. Siz isə bir qədər onlara da arxayın olmuşdunuz. Yadınızda saxlayın, həqiqəti hamı tərifləyir, amma hamı həqiqəti demir.
Siz mesajınızı aydın formada yazmadığınıza görə biz hadisəyə daxildən deyil, ehtimal əsasında kənardan müdaxilə edirik. Dediyinizə görə sizə və hamıya yoldaşınız zülmlər edir. Hansı dövrdə yaşayırıq ki, kimsə hər kəsə zülmlər etsin. Dövlətin qanunlar məcəlləsi var ki, vətəndaşların da hüquqları bu qanunlardan irəli gələrək tənzimlənir. Ola bilər ki, yoldaşınız olduqca əzazil bir insandır və sizin gözünüzdə hamıya zülmkar bir insan kimi görünür. Sizi olmazın əzablar içində yaşadırsa və ya sizinlə kobud rəftar edərək təhqir edirsə, təbii ki, bu da yolverilməzdir. Və sizin də öz hüququnuzdan irəli gələrək ayrılmağa haqqınız vardır. Əgər belə olsaydı valideynləriniz də ayrılmağınıza bir söz deməzdilər. Çünki hər bir valideyn övladının xoşbəxtliyin istəyir. Bu baxımdan da sizin hər dəfə döyülüb təhqir olunaraq zülmə məruz qalmağınıza onlar da razı olmazdılar. Ancaq valideynləriniz və bütün ətrafınızdakılar da sizin boşanmanızın əleyhinədirlər. Deməli, məsələ bu cür də deyil. Ola bilər ki, sizdə hansısa komplekslər var. Bir qədər özünüzdə də səhv axtarmaq haqqında düşünün. Boşanıb-boşanmamağınızla bağlı sizə hərtərəfli fikirlərimi bildirdim. Siz ilk növbədə ana, həm də evinizin bir xanımısınız. Nəyin düz olub-olmadığını düşünərək son qərarınızı da özünüz verin. Depressiyaya düşməmək üçünsə bir qədər soyuqqanlı olmalısınız. Baş verən hadisələrə reaksiya verməməli, olanları və hər deyilənləri ürəyinizə salmamalısınız. Təklikdən qaçaraq çoxlu ünsiyyətdə olmalı və gəzintiyə üstünlük verməlisiniz. Bu barədə valideynlərinizlə oturub sakit formada bir daha ətraflı söhbət edin. Kimin haqlı olub-olmadığına təmkinlə aydınlıq gətirin.
(070) -13-92 nömrəli mobil telefonun sahibi olan başqa bir xanım yazır: Salam, İsa Rəvan. Bir məsələ haqqında sizin fikirlərinizi bilmək istərdim. Telefonda tanış olmaq nə dərəcədə düzgündür? Təsadüfən bir oğlanla telefonda tanış olmuşam. Hələ görüşməmişik. Ancaq mənə sevdiyini deyərək görüşmək istədiyini deyir. Mənim də onun danışığından və səsindən xoşum gəlir. Lakin onun yalan danışmağından da qorxuram. Xahiş edirəm bu haqda məsləhət verərdiniz. Əvvəlcədən təşəkkürlər.
İsa Rəvan: Çox vaxt təsadüfdən zərurətlər yaranır. O cümlədən ani bir baxışdan sevgi də yarana bilər. Ancaq bütün hallarda niyyətlər düzgün, məqsədlər aydın olmalıdır. Təsadüfi tanışlıqla da böyük sevgi yaşamaq olar. Ancaq görmədən, bilmədən, tanımadan sevmək inandırıcı deyil. Gərəkdir ki, göz görsün, qəlb də o hissi yaşasın. Sevgi də səs deyil, qəlb rol oynayır. O, sizi görməyibsə birdən-birə necə sevə bilər. Sadəcə olaraq belə deməklə sizi özünə inandıraraq görüşmək istəyir. Bu görüş isə sevgi üçün deyil, onun şəxsi istək və marağı üçündür. Bəzən çirkin əməllərin çoxu təmtəraqlı sözlərin köməkliyi ilə həyata keçirilir. Onu tanımaq üçün görüşə də bilərsiniz. Ağılınız və düşüncəniz sayəsində onun sizə qarşı olan münasibət və davranışından da nə məqsəddə olduğunu hiss edə bilərsiniz.
Sizə ülvi sevgi və səadət arzusu ilə
Qalan mesajlarla gələn həftənin cümə günü görüşənədək.
İsa Rəvan: (055) 785-84-83.

















































.jpg)
.jpg)
.jpg)
























.jpg)

















