İranlı narkotik alverçiləri tutuldu
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına görə, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İran İslam Respublikasının vətəndaşları - 34 yaşlı Şəmsəli Dustər və 32 yaşlı Davud Nurinin bu il aprelin 9-da dövlət sərhəddni pozaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə gətirdikləri müəyyən edilmişdir.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs yaxalanmış,
onlardan 10 kiloqram həşiş və soyuq silah olan 1 ədəd xəncər
götürülmüşdür. İlkin dindirmə zamanı Şəmsəli Dustər və Davud Nuri narkotik
vasitəni Biləsuvar rayonu ərazisində cinayətin təşkilatçısı olan və hələlik adı
istintaqa məlum olmayan İran vətəndaşının göndərəcəyi adamlara təhvil verəcəklərini
və bunun müqabilində onlardan 10 min ABŞ dolları alacaqlarını etiraf etmişlər.
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış və
hər iki şəxs təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb
olunmuşdur.
Transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək
məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
O.M.