Prezidentin bu qərarını ürəkdən alqışlayıram – Xalq şairi

Prezidentin bu qərarını ürəkdən alqışlayıram – Xalq şairi

12 Yanvar 2019 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu ili "Nəsimi ili" elan etməsini ədəbiyyat adamı, şair olaraq ürəkdən alqışlayıram.

Bu sözləri Kult.az-a Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2019-cu ilin "Nəsimi İli" elan edilməsinə münasibət bildirən xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Nəsimi ədəbiyyatımızın çox qüdrətli bir siması, ən uca zirvələrindən biridir:

"Nəsimi hələ də sona kimi dərk olunmamış, sona kimi qiymətini almamış bir nəhəngdir. Ümumiyyətlə, keçən əsrin 30-cu illərindən başlayaraq, Nizami irsinin təbliği, dünyada yayılması, tanıdılması ilə bağlı çox işlər görülüb. Füzuli irsinin təbliği sahəsində də xeyli işlər görülüb. Bu baxımdan Nəsiminin irsinin dərk olunması, bizim mənəvi-ədəbi həyatımızın daim hallandırılan, öyrənilən, ortada olan parçasına çevrilməsi son dərəcə vacibdir. Təkcə ədəbiyyat adamları üçün yox, eyni zamanda, ölkə əhalisi, vətəndaşlarımız üçün də bu, çox əhəmiyyətlidir. Çünki həm Nəsimi şəxsiyyəti, həm yaradıcılığı etibarı ilə qeyri-adi bir sima, möcüzədir".

S.Rüstəmxanlı bir sıra təkliflər də səsləndirib:

"Əlbəttə, istəyərdim ki, bu ənənə davam etsin. Arzulayardım ki, Azərbaycanda növbəti illərdən biri "Ana dili ili" elan olunsun və dilimizin qorunması və inkişafında Prezidentin sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi haqqında geniş iş başlansın. Və yaxud, bir il "Kino ili" elan olunsun, Azərbaycan Kinostudiyası bərpa olunsun. Çünki bu gün dünyada həm millətləri, həm də dövlətləri tanıtdırmaqda kinonu əvəz edəcək ikinci bir sənət növü yoxdur. Bir il Güney Azərbaycanın bu gün inkişaf edən ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi, mənəvi bütövlüyümüzə doğru müəyyən addımların atılması ili kimi yaddaşlara yazılarsa, gözəl olar. Burada söhbət İranın ərazi bütövlüyünə toxunmaqdan, ərazi iddiasından getmir. İran qonşu ölkədir. Bizim millətin bir hissəsi orda yaşayır. Avropada buna bənzər təcrübələr var. Bu xalqın bir-birindən ayrı düşməsi başadüşülən deyil. Bəlkə burada ərəb əlifbasının, orada latın əlifbasının öyrənilməsi istiqamətində müəyyən işlər görmək olar?! Bunlar indi utopik səslənsə də, millətin daxilində olan istəklərdir. Yəni "Nəsimi ili" bu baxımdan böyük arzular açır".

S.Rüstəmxanlı 2019-cu ilin "Nəsimi ili" elan olunmasının onu hədsiz sevindirdiyini bildirib:

"Prezidentin sərəncamı ilə Azərbaycan ədəbiyyatı nümunələrinin latın qrafikasında kütləvi nəşri o vaxt yaranan böyük bir boşluğu doldurdu. Amma o nəşrin başlandığı ildən xeyli vaxt keçir və bu işlər davam etdirilməlidir. Ədəbiyyatla bağlı çox arzularımız var. Hər hansı bir ilin ədəbiyyat ili elan olunması, ədəbiyyatımızın dövlət tərəfindən himayə edilməsi, qorunması sahəsində işlərin görülməsi son dərəcə xeyirlidir və ədəbiyyat adamı olaraq bizi hədsiz dərəcədə sevindirir".

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda "Nəsimi İli" elan edib