Türkiyə "xarici agentlər" haqqında qanun qəbul etməyə hazırlaşır
Türkiyə hakimiyyəti milli maraqlara xələl gətirə biləcək məsələlərdə xarici təsirləri qarşını almaq üçün yeni qanun qəbul etmək niyyətindədir. İctimaiyyət və media qrupları belə bir qanunun müxalifəti sıxışdırmaq üçün istifadə olunacağından ehtiyat edirlər.
Yaxın günlərdə Türkiyə parlamentində müzakirəyə çıxarılacaq yeni qanun xarici ölkənin təsiri və ya göstərişi ilə “dövlətin təhlükəsizliyinə, onun daxili və ya xarici siyasi maraqlarına” qarşı fəaliyyət göstərənlərin qarşısını almaq məqsədi daşıyır.
Qanun layihəsinə görə, cəza 7 ilə qədər həbs ola bilər.
Bu addım prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının təklif etdiyi daha geniş məhkəmə paketinin bir hissəsidir. Qanun layihəsi bu yaxınlarda Gürcüstanda qəbul edilmiş, Qərb dövlətlərinin qınağına səbəb olan və kütləvi etirazlara səbəb olan xarici agentlər haqqında qanunu xatırladır.
Məhkəmə ekspertləri və jurnalistlər qanunun qeyri-müəyyənliyi və geniş dili ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, Türkiyənin siyasi maraqları dəyişə bilər və ölkəni idarə edənlər bu qeyri-müəyyənlikdən hakimiyyətə qarşı istənilən tənqidi yatırmaq üçün istifadə edə bilər.
Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili İnan Akgün Alp qanun layihəsinin “daha repressiv mühitə” yol açacağını bildirib.
"Bu, çox ciddi bir avtoritar qanundur. Cinayətin qeyri-müəyyən terminlərlə müəyyən edilməsi bütün rəqiblərin cəzalandırılmasına yol açır", - Alp bildirib.
Bununla belə belə bir qanunun qəbulunun xarici ölkələrin qrant və ya başqa vasitələrlə ələ aldığı və müxalifət adı altında fəaliyyət göstərən pozucu ünsürlərin çirkin əməllərinin, Türkiyəni daxildən dağıtmaq cəhdlərinin qarşısının alınmasında mühüm rol oynayacağı şübhə doğurmur.
Əziz Mustafa