QİSMƏT MƏMMƏDZADƏ: “Bəzi sənətçilər kimi bir-birinin dalınca danışmaq, bahalı evlər, maşınlar nümayiş etdirmək mənlik deyil”

QİSMƏT MƏMMƏDZADƏ: “Bəzi sənətçilər kimi bir-birinin dalınca danışmaq, bahalı evlər, maşınlar nümayiş etdirmək mənlik deyil”

13 Mart 2014 20:58
Bəyəndim (0) Bəyənmədim (0)

- Özün haqqında məlumat verərdin?

- Məmmədzadə Qismət Ramazan oğlu. 20 aprel 1980-ci ildə dünyaya gəlmişəm. Uşaqlıqdan bu sənətdəyəm. Əslində ailəmizdə hamı musiqiçi olub. Amma professional şəkildə heç kim musiqi ilə məşğul olmayıb.

- İlk dəfə istedadını kim kəşf eləyib?

- Heç kim kəşf etmədi. Dediyim kimi, ailəmiz musiqiçi ailəsi olduğu üçün elə mənə də qanla keçib və elə uşaqlıqdan da heç kəs bilmirdi ki, mən müğənni olacağam.

- Şou-biznesin qanunlarını səncə kim yazır?

- Mən şou-biznesdən çox uzaq bir adamam. Amma kənardan baxanda belə anlayıram ki, şou-biznesin heç bir qanunu-filanı yoxdur. Kim necə istəyir, o cür də hərəkət edir.

- Ən böyük mükafatın nədir?

- Ən böyük mükafatım Tanrının mənə verdiyi ağıl və səs. Çox sevinirəm ki, cahil olmadım. Bəzi sənət yoldaşlarım kimi bütün günü bir-birinin dalınca danışmaq, yalnız toy haqqında düşünmək, ekranlardan bahalı evlər, maşınlar nümayiş etdirmək yerinə evdə oturub gücümü kitab oxumağa, yabançı dillər öyrənməyə və s. həsr edirəm və bundan böyük zövq alıram. Bir də yaxşı ki, səsim var. Bu səsdən həm dinləyənlər zövq alır, həm də pul qazana bilirəm. Bundan böyük mükafatmı var?! .

- Yaşadıqca çoxlarının gözünü yaşlı qoymusan?
- Olub belə işlər. Yəni cavanlıq səhvləri. Amma zaman keçdikcə insanlara qarşı daha anlayışlı olmağa çalışıram.

- Həyat nə deməkdir sənin üçün?
- Əslində bu barədə heç düşünmürəm. Amma hər nədirsə həyat çox dəyərli bir şeydir ki, insan son gününə qədər onun bitməsini istəmir.

- Uşaqlığın necə keçib?
- Yaxşı keçməyib. Heç yaşamadım mən uşaqlığımı. Hər nə qədər türk filmlərindəki cümlələrə bənzəsə də, bu həqiqətdir. 11-12 yaşlarından işləməyə məcbur olan bir uşağın uşaqlığı necə ola bilər ki?..

- Qalmaqalla müşayiət olunan məşhurluğa necə baxırsan?
- Özüm bunu heç vaxt etməsəm də pis baxmıram. Çünki Tanrı hamıya istedad vermir axı. Ona görə də bəzi insanlar istedadı olmadığı üçün müxtəlif yollarla məşhur olmağa çalışır. Amma bunun nə qədər uğurlu olub-olmayacağı şans məsələsidir.

- Bostanına tez-tez daş atırlar?
- Mən şəhərli balasıyam, bostan-filan da əkmirəm ki, kimsə ora daş atsın. Bir də mənimlə heç kimin işi olmaz hər halda. Çünki heç vaxt heç kimə efir vasitəsi ilə cavab vermirəm.

- Niyə özündən razısan?

- Bunu siz iddia edirsiniz. Mənim belə bir iddiam yoxdur ki. Özümü müdafiəyə başlasam, deməli, dediyinizi qəbul etmiş olaram.

- Nə zaman ağlamısan?
- Demək olar ki, hər gün kitablarda və ya filmlərdə rast gəldiyim hansısa bir gözəl ifadə belə mənim ağlamağım üçün bəs edər. Keçənlərdə bir söz oxudum, türk şairi Camal Sürəya deyir ki, "Mənimlə heç kim oynamır deyib ağlayan uşaq, sən hələ böyü, bax nə oyunlar oynayacaqlar səninlə". Bu sözə o qədər ağladım ki…

- Özünüzü ulduz sayırsınız?
- Yox, özümü ulduz-filan saymıram. Belə bir dərdim də yoxdur. Necə ki, digər insanlar, digər sənətlərin sahibidirlər, eləcə də mən sadə bir müğənniyəm.

- Şou-biznesdə sənə qarşı münasibət necədir?
- Bu suala cavab vermək çətindir. Çünki onlarla demək olar ki, münasibətim yoxdur. Amma hər halda pis olmaz. Ona görə ki, heç bir həmkarımla da sorumum yoxdur.

- Kimlərin ifasını dinləyirsən?

- Mən də müğənniyəm, amma musiqi demək olar ki, dinləmirəm.

- İlk məhəbbətin neçə yaşında olub?
- Haradasa 12-13 yaşında idim. Rəhmətlik Əfsər Cavanşirovun "Bənövşə" uşaq xoruna getdiyim vaxtlar idi. Orada bir qız sevirdim. Amma heç vaxt bunu ona deyə bilməmişəm.

- Nə vaxt ailə qurmaq istəyirsən? Bilirik ki, bir dəfə də nişanlı olmusan?
- Belə bir fikrim var, amma bu barədə danışmaq istəmirəm, çünki bu özəl bir mövzudur və bu barədə danışsam özəlliyi qalmaz ki.

- Nəyə nifrət edirsən?
- Heç bir şeyə. Həyatım mənə hər şeyi sevməyi öyrədib. Hətta nifrəti belə.

- Sevda Canalıyeva ilə münasibətin necədir?

- Yaxşıdır, facebookda yazışırıq hərdən.

- Yaradıcılığında nə kimi yeniliklər var?
- Hazırda İctimai kanalda "Ekspromt" adlı bir verilişim var. Həftənin III, V günləri günorta vaxtı efirə gedir. Artıq 3 aydır. Bundan başqa 2 təzə mahnım var, oranjimanların bitməsini gözləyirəm.

- Şou-biznesin açarı kimin əlindədir?
- Oranın heç açarı yoxdur ki, açarını axtarırsınız.

- Müğənnilikdən başqa hansı işlərlə məşğulsan?

- Aparıcılığımla, başqa bir işim yoxdur.
- Müxtəlif ölkələrdə səyahətdə olmusan. Bizim xanımlarla xarici ölkə xanımlarının fərqi nədir?
- Əslində qadın hər yerdə qadındır. Amma mənə elə gəlir ki, xarici, xüsusən - Avropadakı qadınlar insana əşyalardan daha çox dəyər verirlər.

- Sizcə məhəbbət də ehtiras qədər ötəri hisdir?
- Məncə məhəbbət müxtəlif hisslərin toplusudur. Ehtiras isə bu toplunun içindəki hisslərdən biridir. Ona görə də onları bir-birləri ilə müqayisə edə bilmərəm.

- Sizcə kişi qadında nöqsan axtarırsa, bu ayrılığın təməlidir?

- Bu barədə yanaşmalar fərqli ola bilər. Elə adam var dediyiniz kimi ayrılmağa bəhanə axtarır, amma elə adam da var ki, qadının daha da gözəl və yaxşı görmək üçün nöqsanlarını deyir və bu halda bu artıq ayrılmaq üçün bəhanə yox diqqət olur.

- Şou-biznes baş verən hansı hadisələrdən utanırsınız?

- Yeganə utandığım şey insanların musiqiçilər haqqında formalaşdırdığı yanlış bir fikirdir ki, onlar savadsızdır və puldan başqa heç nə düşünmürlər. Bax bundan çox utanıram. Çünki mən də bir müğənniyəm, amma heç də bu sözlərə layiq biri deyiləm. Bəlkə bir çox savaddan danışan adam mənim kimi kitab aşiqi olmaz. Hətta bəzən mənə deyirlər ki, kitabları elə sevirsən ki, heç bir qadını bu qədər sevməzsən.

- Səmimi ol, əvvəlki dövrdə fanatların çox idi, yoxsa indi?

- Əslində belə bir statistika olmayıb heç vaxt. Amma insanların internetdə real aləmdə mənə olan münasibətlərinə baxsaq indi istəyənlər az deyil.

- İnternetdən çox da istifadə etməməyinin səbəbi nədir?

- Bunu kim dedi? Çox aktiv bir istifadəçiyəm. Sadəcə, mənə maraqlı olan sosial şəbəkələr deyil, müxtəlif xəbər saytları və maraqlı bilgilər olan saytdır.

- Toy bazarında yerin bilinir?
- Yox hər halda. Çünki indiki toylar hamısı bir-birinə oxşayır. Müğənniyə qulaq asmaq üçün onu çox nadir hallarda çağırırlar. Ona görə də insanlar üçün o qədər də fərqi yoxdur ki, oxuduğu toyda onsuz da hamı eyni mahnıları oxuyur.

- Səni özündən nə çıxarda bilər?
- Hər halda haqsızlıq.

- Geyim tərzinə niyə dəyişiklik etmirsən?

- Çünki səhnədə klassik tərzi sevirəm. Amma gündəlik həyatda müxtəlif olur geyimlərim. İdman da, klassik də.

- Bəzi həmkarların dodaqlarını silikon etdirir, tük əkdirir başında. Sən necə, belə edirsən sənətə görə?

- Yox, nə sənətə görə, nə də özümə görə etmərəm belə bir əməliyyatı. Belə bir kompleksim də yoxdur.

- Şəlalə nə deməkdir sənin üçün?
- Şəlalə,.. içimə bir sərinlik gəlir bu sözdən. Dağlardan axan sərin su.

- Qısqancsınız?

- Həddindən artıq.

- Sevmək çətindir, yoxsa sevilmək?
- Dəyərli bir insan olsa, heç biri çətin deyil mənə.

- Kumirin kimdir?
- Özümə kumir axtaracaq yaşım çoxdan keçib mənim. Amma uşaqlığımda İbrahim Tatlısəs idi.

- Niyə bir çox sənət adamları səni bəyənmir?
- Bunu onalrın özündən soruşsanız daha yaxşı olar. Öz növbəmdə isə onu deyim ki, mənə maraqlı deyil kim mənim haqqımda nə düşünür. Çünki mən onların haqqında ümumiyyətlə düşünmürəm. Bir də məni bəyənməyənlərə Bob Marleydən bir sitatla cavab verə bilərəm: "Siz kimsiniz ki, mənim yaşadığım həyatı mühakimə edirsiniz. Mən mükəmməl deyiləm və olmağa məcbur da deyiləm. Barmağınız ilə məni göstərməmişdən əvvəl əllərinizin təmiz olduğundan əmin odun.

Şəlalə NƏRİMAN.