
Tramp daha 36 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edə bilər
ABŞ prezidenti Donald Trampın administrasiyası daha 36 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edə və ya məhdudlaşdıra bilər. Bu barədə şənbə günü ABŞ Dövlət Departamentindən daxili sənədləri əldə edən “The Washington Post” yazıb.
Nəşrin məlumatına görə, vətəndaşları ABŞ vizasının alınmasına qadağa qoyulan və ya digər məhdudiyyətlərlə üzləşən ölkələrin siyahısına Misir və Cibuti də daxil olmaqla 25 Afrika ölkəsi, həmçinin Mərkəzi Asiya və Karib hövzəsi ölkələri daxildir. Washington Post qeyd edir ki, şənbə günü bu mövzuda memorandum ABŞ dövlət katibi Marko Rubio tərəfindən imzalanıb və bu siyahıda olan ölkələrə cavabdeh olan diplomatlara göndərilib.
Tramp daha əvvəl 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib, daha 7 ölkənin sakinləri üçün isə qismən məhdudiyyətlər tətbiq edib. Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşları üçün qismən məhdudiyyətlər tətbiq olunacaq.
Əziz Mustafa