
Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb
Hindistanın Qucarat ştatında yerləşən Əhmədabadi şəhərinin hava limanı yaxınlığında Böyük Britaniyaya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə “Times of India” məlumat yayıb.
İlkin məlumata görə, təyyarə havaya qalxdıqdan sonra qəzaya uğrayıb. KİV-in məlumatına görə, təyyarə havaya qalxa bilməyib və yaşayış məntəqəsinə çırpılıb.
“Air India” təyyarədə ekipaj üzvləri də daxil olmaqla 242 nəfərin olduğunu təsdiqləyib. 169 nəfərin Hindistan, 53 nəfərin isə Britaniya pasportu olub. Bundan əlavə, təyyarədə bir Kanada vətəndaşı və yeddi Portuqaliya vətəndaşının olduğu bilinir.
Eyni zamanda, sərnişinlərin sayı və ya təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
“The Times of India” qəzaya uğrayan təyyarənin “Boeing 787 Dreamliner” olduğunu aydınlaşdırır.
“Air India” şirkəti X sosial şəbəkəsində bildirib ki, təyyarə Əhmədabaddan London “Qetvik” hava limanına uçmalı idi. Mesajda bildirilir ki, şirkət hazırda hadisənin təfərrüatlarını araşdırır.
Media orqanları qəza yerindən tüstü sütununu əks etdirən foto və videoları dərc edir.
Ölən və yaralananlar barədə hələlik dəqiq məlumat yoxdur. “News18” isə ən azı 30 nəfərin öldüyünü yazır.
Almaz Həsənli