Emin Ağalarov: "İnanıram ki, Səbinənin şansları çox böyükdür"
Rusiyada yaşayan tanınmış azərbaycanlı bəstəkar-müğənni və iş adamı Emin Ağalarovun APA-ya verdiyi müsahibəni sizlərə təqdim edirik.
- Bir müddət əvvəl Londonda təqdimatı keçirilən "After
the Thunder" albomu haqqında nə deyə bilərsiniz?
- Fikrimcə, albom çox maraqlı alınıb. Bu günə kimi çıxan
albomların içində sayca altıncıdır və digərlərindən çox fərqlənir. Bu günə kimi
belə albomum olmayıb. Albomda 12 mahnı yer alıb, onlardan 11-nin müəllifi özüməm.
Bu albomdakı mahnılar dinamik və ritmikdir. Düşünürəm ki, bu albom hələ ən
yaxşısıdır, nə zaman təzə albomum çıxar, onda fikrimi dəyişə bilərəm.
- Bakıda baş tutacaq "Eurovision 2012"də qonaq qismində
iştirak edəcəksiniz. Sizin üçün belə bir müsabiqədə qonaq qismində iştirak etmək
nə deməkdir?
- Mənə bu təklif gələndə böyük sevinc və məmnuniyyətlə qəbul
etdim. Əslində bu müsabiqədə qonaq qismində iştirak etsəm də, bu, çox böyük bir
məsuliyyət tələb edir. Məhz ona görə ki, sən öz Vətənində sanki ölkə təmsilçisi
kimi səhnəyə çıxırsan. Sözsüz ki, çıxışımı möhtəşəm etmək vacibdir və
çalışacağam ki, milli koloritimizi məhz bu çıxışımda bütün Avropaya tərənnüm
edim. Çıxışımda həm də müasirliyi qoruyub saxlaya bilmək vacibdir.
- Müsabiqədə Rusiyanı təmsil edəcək "Buranovskiye
babuşki" qrupuna azarkeşlik edəcəksinizmi?
- Azarkeşlik edə bilərəm, ancaq Səbinə Babayevadan
sonra... "Buranovskiye babuşki" nin Bakıya səfərlərində biz də iştirak edəcəyik.
Bildiyiniz kimi 8 nəfərdən ibarət olan qrupda 72-76 yaşlı nənələr təmsil
olunur. Onları səfər zamanı həkimlərdən ibarət qrup müşayiət edəcək. Deyərdim
ki, Böyük Britaniya təmsilçisindən sonra yaş baxımından "Buranovskiye babuşki"
hamını geridə qoydu. Böyük Britaniya təmsilçisi Engelbert Hundeldinki ən yaşlı
təmsilçi hesab etsələr də, Rusiya təmsilçisi bütün rekordları aşdı. Azərbaycanın
seçiminə gəldikdə isə, xalqımız çox düzgün seçim etdi. Bu il gözəl, istedadlı və
musiqi duyumlu bir təmsilçimiz oldu. İnanıram ki, Səbinənin şansları çox
böyükdür.
- Bu il "Eurovision 2012"də Böyük Britaniya təmsilçisi
Engelbert Hundeldinkə uşaqlıqdan pərəstiş etdiyinizi demisiniz. Hətta bu
yaxınlarda onunla görüşmək imkanınız da olub...
- Bu yaxınlarda Engelbert Hundeldinkin "Crocus City
Hall"un Müslüm Maqomayev zalında konserti keçirildi. Konsertdən sonra onunla
görüşümüz oldu. O, öz həyat tarixçəsini danışanda mən bir musiqiçi və fanat
olaraq dəhşətə gəlirdim. O, Elvis Presli ilə olan dostluğundan və onunla
birlikdə balıq ovuna getməsindən danışırdı. Elvis Presli artıq 30 ildən çoxdur
ki, həyatda yoxudur. Onu demək istəyirəm ki, belə maraqlı adamla söhbət etməyə
çoxlu mövzu vardı. Ümumiyyətlə deyərdim ki, Böyük Britaniya təmsilçisi çox
istedadlı adamdır. Londonun "BBC" radiosu əbəs yerə onu təmsilçi qismində seçməyib.
Onu tanıyırlar, sevirlər və onun bu ilki təmsilçiliyi çox böyük rezonansa səbəb
olub.
- Prodüseriniz tərəfindən namizədliyiniz "Grammy"
mükafatına irəli sürülmüşdü...
- Əslində bu tam belə deyildi. Məsələ ondadır ki, məşhur
amerikalı kinorejissor David Linç hər il 30 musiqi parçasından ibarət yığma hazırlayır.
Mənim mahnılarımdan biri sehrli təsadüf nəticəsində bu yığmanın içinə düşüb. Mənə
mahnının müəllifliyini ona verməyimlə bağlı təklif gəldi və mən də bunu məmnuniyyətlə
etdim. Bundan bir müddət sonra David Linç tərəfindən daha bir təklif gəldi ki,
mən bir gənc müğənni kimi öz namizədliyimi "Grammy" mükafatına irəli sürüm.
Sözsüz ki, mən buna çox sevindim. Bir müddət sonra bizə namizədliyimiz barədə rəsmi
təsdiq məktubu gəldi. Düzdür, bizə bu mükafatı verməsələr də, çox sevindirici
haldır ki, mənim namizədliyim ilk dəfə bu mükafata təqdim olunub.
- Azərbaycan keçmiş SSRİ estrada səhnəsinə Rəşid
Behbudov, Müslum Maqomayev, Polad Bülbüloğlu kimi musiqiçilər bəxş edib. Gələcəkdə
özünüzü bu musiqiçilər sırasında görürsünüzmü?
- Mən öz subyektiv fikrimi deyərdim. Azərbaycanın Rusiya və
keçmiş SSRİ-yə bu istedadlardan ibarət hədiyyəsini iki hissəyə bölərdim. Müslüm
Maqomayev və digərləri... Müslüm Maqomayev həyatdan köçəndə hazırda onun abidəsi
olan yerdə belə bir yazı var idi: "Azərbaycan, Müslümə görə çox sağ ol!" Bu
böyük sevincdir ki, Rusiya xalqı Azərbaycan musiqi nəhənginə belə bir qiymət
verir. Müslüm Maqomayevi heç kəslə müqayisə etmək olmaz. O ki qaldı özümə, mən
çox gəncəm və mənim belə bir iddiam yoxdur. Əgər gələcəkdə Müslüm Maqomayevin
etdiklərinin lap kiçik bir qismini edə bilsəm və bunu xatırlasalar, çox şad
olaram. Bu barədə danışmaq hələ çox tezdir.
- Yeni albomunuzun gələcəkdə harada təqdimatı gözlənilir?
- İlk təqdimat Londonda keçirildi. Bu gün isə Moskvada təqdimat
keçirilir. Düşünürəm ki, "Eurovison-2012" öncəsi Bakıda da təqdimat keçirmək
olar. Lakin bu hələlik plan olaraq qalır. Bundan başqa yay-payız aylarında
Avstriya, İtaliya, Almaniyada da diskin təqdimatının keçirilməsi nəzərdə
tutulub.
- Gələcəkdə siyasətlə məşğul olmaq istəyiniz var?
- Yox. Qətiyyən yox. Mən iş adamıyam, musiqiçiyəm, siyasətlə
məşğul olmağa heç bir iddiam yoxdur.
O.M.