Belarus müstəqilliyini Rusiya neftinə və  qazına qurban verəcəkmi?

Belarus müstəqilliyini Rusiya neftinə və qazına qurban verəcəkmi?

12 İyul 2019 13:00
Bəyəndim (0) Bəyənmədim (0)
Belarus və Rusiya arasında münasibətlər get-gedə təhlükəli xarakter almaqdadır. Buna səbəb isə Rusiyanın durmadan Belarusa qarşı iqtisadi və siyasi təzyiqləri artırmaqda davam etdirməsidir.

İlk baxışdan belə demək mümkünsə “bir millət iki dövlət” hesab edilən Belarusla Rusiya arasında hər hansı ziddiyyətlərin ola bilməsi məntiqi baxımdan ağlabatan görünmür. Çünki nə iqtisadi, nə siyasi, nə də hərbi baxımdan iki ölkə arasında hər hansı ziddiyyətə səbəb ola biləcək problem yoxdur. Üstəlik müstəqilliyini əldə etməsinə baxmayaraq Belarus Rusiyanın ən yaxın müttəfiqi kimi qalmaqda davam edib və ölkədə yaşayan əhali ilə Rusiya rusları arasında hər hansı fərq qoyulmayıb və onlara qan qardaşları kimi baxılıb. Necə deyərlər, Belarusda ruslara olan münasibət Azərbaycanda Türkiyəyə olan münasibətin eynisi olub. NATO güclərinin Rusiya sərhədləri yaxınlığında cəmləşdiyi bir vaxtda Qərbə qarşı yeni savaşa hazırlaşan Rusiya üçün Belarus hərbi strateji baxımdan olduqca böyük önəm daşıyır. Belə ki, Belarusda Rusiyanın strateji təyinatlı 3 böyük hərbi bazası var. Onlar rəsmi şəkildə hərbi baza statusu daşımaslar da Rusiya üçün böyük önəm daşıyır.Bu strateji təyinatlı obyektlər (baza) vasitəsi ilə Rusiya Atlantik və Hind okeanındakı hərbi dəniz qüvvələrini nəzarət altında saxlayır. Eyni zamanda NATO-nun Avropadakı qüvvələri və Avropa ölkələri də Belarusdakı Rusiya hərbi obyektləri tərəfindən nəzarət altında saxlanılır. Buna paralel olaraq Rusiya üçün Avropadan hər hansı təhlükə gözləniləcəyi halda Moskvanın Minskin fikrini soruşmadan Belarusa əlavə hərbi qüvvələr yeridəcəyi şübhə doğurmur.

Ona görə də istənilən halda Belarusun formal şəkildə olsa belə müstəqilliyini saxlamasını həzm edə bilməyən Rusiya prezidenti Vladimir Putin adı çəkilən ölkəni yenidən imperiya sərhədləri daxilində görmək üçün Minskə iqtisadi təzyiq və şantaj siyasətini əsas silahına çevirib. Xüsusi ilə son illərdə Rusiya Belarusu küncə sıxışdırıb və iqtisadi təzyiq mexanizmini işə salaraq onu diz çökdürmək və müstəqilliyindən əl çəkməyə məcbur etmək istəyir. Necə deyərlər neft və qaz kartı Rusiyanın əlində Belarusa qarşı dəyənəyə çevrilib. Belarus prezidenti Aleksandr Lukaşenko belə demək mümkünsə “cızığından” çıxmaq istəyən kimi Rusiya onu məhz neft və qazı dünya bazarındakı qiymətlərə uyğun satacağı ilə şantaj edir. Təbii ki, Belarus da asanlıqla təslim olmaq niyyətində deyil. Prezident Lukaşenko bununla əlaqədar dəfələrlə qeyd edib ki, Belarusun müstəqilliyi onun üçün əzizdir və və onu asanlıqla əldən vermək niyyətində deyil. Bununla bağlı ötən ilin sonlarınd a Rusiya ilə Belarus arasında qaz və neft alqı-satqısı barədə ortaya çıxan narazılıq zamanı Lukaşenko problemə aydınlıq gətirməyə məcbur oldu. Rusiyalı jurnalistlərlə görüşü zamanı onlardan birinin iki ölkə arasında yaranmış problemlə bağlı suala cavabında Lukaşenko: “Rusiya bizdən vahid dövlətdə birləşmək tələb edir. Belarus müstəqil ölkədir və onun əhalisi ötən müddət ərzində azad şəkildə yaşamağa öyrəşib. Iki ölkə prezidentləri bir dövlətdə birləşmək istəyərlər. Lakin bu amil təkcə prezidentlərdən asılı deyil. Gəlin baxar görək xalq bir dövlətdə yaşamağa, müstəqilliyini əldən verməyə razıdırmı? Belarus Rusiyanın dostu və müttəfiqidir, eyni zamanda da müstəqil ölkədir”

Belarusla Rusiya arasında son dövrlərdə dərinləşməkdə olan ziddiyyətlərə diqqəti cəlb edən politioqların əksəriyyətinın fikrincə iki ölkə son vaxtlar yaşlanmış cütlüyü xatırladır. Bir-birindən çoxdan yorulan və narazılıqlarını dilə gətirməkdən çəkinməyən cütlüyü. Moskva yerinə yetirilməyən razılaşmalardan şikayət edir, Minsk də cavabında qarşı tərəfi suverenliyinə qəsddə ittiham edir. Tərəflər arasında onsuz da isti olmayan münasibətlər Belarus üçün olduqca həssas olan neft məsələsinin müzakirəsi fonunda bir qədər də gərginləşib.

Yenə də qeyd edək ki, Putin Rusiyası Belarusu müstəqilliyindən ək çəkməyə vadar etmək üçün məhz neft və qazını dünya bazarındakı qiymətlərə uyğun satacağl ilə hədələyir. Buna misal kimi 2018-ci ilin yayında Rusiya Dövlət Duması tərəfindən “Vergi manevri” adlanan və yerli neft emalı sənayesinə dəstəyi nəzərdə tutan qanunun qəbul edilməsini göstərmək olar. Sənədə əsasən, 2024-cü ilədək tədricən faydalı qazıntıların hasilatı üçün nəzərdə tutulan rüsum qalxacaq, ixrac rüsumu ləğv olunacaq. Bu o deməkdir ki, Belarusa tədarük olunan neft dünya qiymətləri ilə satılacaq. Bu isə Belarus iqtisadiyyatına zərbədir. Rusiyadan gələn və rüsumdan azad olan yanacaq Belarus üçün olduqca sərfəli, ixrac rüsumları isə Minsk üçün valyutanın əsas mənbəyi idi. İndi Lukaşenko bütün bunlardan məhrum olunacaq. Minskin hesablamalarına görə, qarşıdakı 5 ildə Belarus 12 milyard dollara qədər vəsait itirə bilər. Eyni zamanda ölkədə benzin və dizelin qiyməti qalaxacaq ki, bu da əhalinin xərclərində özünü nəzərə çarpacaq dərəcədə göstərəcək.

Belə bir vəziyyətdə isə Belarus Rusiya ilə Qərb arasında manevr etməyə məcbur olub. Necə deyərlər Rusiya problemlə bağlı uyğun variantlar təklif etdikcə, Belarus prezidenti Aleksandr Lukaşenkonun Qərbdə yeni dostlar tapmaqla bağlı çağırışlarının tonu bir qədər də yüksəlir.

Rusiya da deyəsən Belarusdan istədiyini almaqdan ondan əl çəkənə oxşamır. Bu baxımdan bir neçə ay öncə Belarusda dövlət çevrilişinə cəhddə günahlandırılan bir qrupun həbs edilməsinin arxasında məhz Rusiyanın dayandığı ehtilmal edili. Belə ki, baş tutmayan dövlət çevrilişi cəhdindən sonra Rusiya ötən ilin avqust ayında Belarusa təyin etdiyi səfiri Babiçi tələm-tələsik geri çağırmağa məcbur oldu. Babiç uzun illər SSRİ KQB-də, sonra isə Rusiya Federal Təhqiqat Bürosunda işləyib və o el arasında təxribatçı kimi tanınır. Babiçi bundan əvvəl Ukraynaya səfir təyin etmək istəyirdilər. Lakin Ukrayna buna razılıq vermədi. Düzdür Belarus müəyyən məsələləri nəzərə alaraq Rusiyanı baş tutmayan dövlət çevrilişi cəhdində günahlandırmadı. Baş tutmayan dövlət çevrilişi cəhdindəın sonra Rusiya Belarusa təzyiqləri daha da artırıb. Buna misal kimi Belarusda baş tutmayan dövlət çevrilişi cəhdindən sonra Pekində “Bir kəmər, bir yol” beynəlxalq forumunda Putinin nümayişkaranə şəkildə Lukaşenko ilə görüşdən imtina etməsini göstərmək olar. Düzdür, Putin iyunun 20-dən 30-na kimi Belarusda keçirilən II Avropa oyunlarını açılış mərasimndə iştirak edib və Lukaşenko ilə də vaxt tapıb görüşüb. İki ölkə prezidentlərinin görüşü ilk baxışdan sakit və qalmaqalsız keçib. Lakin II Avropa oyunları başa çatandan dərhal sonra Belarus lideri qəfildən vətəndaşlarına çağırış etdi: NATO və Rusiya arasında seçim edin!

Hərbi çağırış haqda qanuna dəyişikliyi şərh etməklə Lukaşenko gündəmə daxili siyasətə dair yeni mövzu atdı. Prezident bəyan etdi ki, vətəni müstəqil şəkildə müdafiə zərurəti yaranacağı təqdirdə, Belarus xalqı kömək üçün digər dövlətlərə müraciət etməli olacaq. Və bu kömək Belarusa çox baha başa gələcək. Belə ki, Moskva nüvə çətiri, hipersonik silahlar və s. müqabilində Minskdən suverenliyindən tam imtinanı tələb edə bilər.

Aleksandr Lukaşenkonun belə bir açıqlaması bir daha sübut etdi ki, Putin Minskdə II Avropa oyunlarının açılış mərasimuinə elə-belə gəlməyib. O fürsətdən istifadə edərək Lukaşenkonu yenidən divara dirəyərək onun qarşısında: “Ya dünya bazarı qiymətlərinə neft və qaz alın, ya da müstəqillinizdən əl çəkmək naminə Rusiya qiymətləri ilə neft və qazla təmin olunmaq imkanı əldə edin” tələbini qoyub. Ona görə də II Avropa oyunları başa çatandan sonra prezident Aleksandr Lukaşenko ad çəkmədən xalqla açıq danışmağaməcbur oldu. Yeri gəlmişkən xatırladaq ki, Belarusun tezliklə Rusiya tərəfindən ilhaq olunacağı barədə məlumatlar bu ölkənin informasiya məkanında hələ ötən ilin sonlarından başlayaraq dəfələrlə səsləndirilib. Bu məlumatların yayılmasına iki liderin Rusiya və Belarusun iştirakıyla ittifaq dövlətinin yaradılmasına dair apardığı danışıqlar təkan verdi. Belə ki, Rusiya ilə Belarus arasında ittifaq dövlətində birləşmək barədə Müvafiq saziş hələ 1999-cu ildə imzalaıb. Lakin bu günə kimi müxtəlif səbəblərdən bu saziş yerinə yetirilməyib. Lukaşenko bunun günahını Rusiyada görür. Onun sözlərinə görə, sazişin imzalanmasından sonra ittifaq dövlətinin Konstitusiyasını qəbul etmək, orada da ümumi idaretmə orqanlarını, hakimiyyət orqanlarını və vahid siyasəti göstərmək, bərabərhüquqlu iki dövlətdən ibarət ittifaq dövlətinin fəaliyyət prinsipləri müəyyən edilməli idi. İlk baxışdan məsələnin belə qoyuluşu Rusiyaya sərf etsə də Putin adıçəkilən məsələdə tələsməməyə üstünlük verdi. Hadisələrin gedişi göstərdi ki, Rusiya Belarusla bərabərhüquqlu dövlətdə birləşmək istəmir və onu adi bir quberniya kimi öz tərkibinə qatmaq istəyir. Ona görə də Lukaşenkonun da dediyi kimi Rusiya ittifaq dövlətində birləşmə məsələsini ildən-ilə yubatmaq siyasətinə üstünlük verdi. Amma indi vəziyyət dəyişib və Putin hər vasitə ilə Belarusu özünə birləşdirməyə cəhd edir. Moskvada Belarusa yalnız adi bir subyekt kimi baxır və problemi də bu müstəvidə həll etməyə ümidlər bəsləyirlər. Lakin o da aydındır ki, Lukaşenkodan əlavə birləşmə məsələsində Moskva qarşısında Belarus xalqını görəcək və bu, ölkədə antirus ovqatının güclənməsinə yol açacaq. Bütün hallarda Rusiya Belarusu divara dirəyərək ondan istədiyini almağa çalışır. Belə bir vəziyyətdə Belarus iki yoldan birini seçməli olacaq: Minsk ya dünya qiymətlərinə Rusiyadan neft və qaz alaraq müstəqilliyini qoruyub saxlamalı və ağır iqtisadi günlər yaşamağa hazır olmalı, ya da müstəqilliyini itirmyə razı olmalıdır. Belarusun bu variantlardan hansını seçəcəyini isə gələcək göstərəcək...

Emin Axund