Xalq artisti gənc müğənnilərə dəstək çıxdı
Ötən gün xalq artisti Faiq Ağayev medianümayəndələrini və yaxın insanlarını ətrafına toplayıb gənclərə dəstək çıxdı. Qızıl şlyagerin sayəsində tanınmağa başlayan "Dostlar" qrupu yeni kliplərini təqdim ediblər. 3 gənc oğlandan ibarət olan qrupu çox bəyəndiyini bildirən Faiq bəy bu dəfə də köməyini onlardan əsirgəməyib.
"Dostlar" və xalq artisti eyni zamanda duet şəkildə ifa etdikləri "Biri var imiş, biri yox imiş" adlı mahnılarını da təqdim ediblər. Faiq Ağayev bildirib ki, gəncləri ilk gördüyü gündən çox bəyəndiyini vurğulayıb: "Mən uşaqları nömrə bir müsabiqəsində gördüm, qismət belə gətirdiki final gecəsinə düşdü görüşümüz. Heç tanış deyildim onların yaradıcılığı ilə, onlar özlərini elə gözəl göstərdilər ki, Türklər demişkən mən şaşırtdım. Onların irəli getməyə stimullarının olduğunu hiss etdim, bundan sonra juri qismində əyləşən sənət yoldaşlarımdan xahiş etdim onları nömrə 1 etsinlər, bunlar doğurdan da bu yerə laiqdirlər".
Faiq Ağayev eləcə də vurğulayıb ki, gənclər seçildikdən az müddət sonra yeni mahnı yazaraq xalq artistinə təqdim ediblər, dinlədikdən sonra bəyənib və razılığını verib: "Yeni il öncəsi tam hazır olmasada demo versiyasını televiziyalarda ifa etdik, artıq sevilməyə başladılar. Bu gün isə onlara dəstək olmaq üçün buradayam. Mənim onlara dəstək çıxmağım daha çox onlara bağlıdır, istedadları çoxdur" deyərək fikirlərini bizimlə bölüşüb.
Faiq Ağayev eləcə də vurğulayıb ki, gənc "Dostlar" qrupu gələcəyə uğurla addımlayır. Qeyd edək ki, tədbirdə bir çox müğənnilər və aparıcılar iştirak ediblər. Onların sırasında meyxanaçı Namiq Qaraçuxurlu, Günay İbrahimli, Əbdül Xalid, aparıcılar Cavid Gül, Samir Bayramov, prodüser Təranə Səmədova və digərlərini qeyd etmək olar. Sonda isə qarşıdan gələn Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbirdə iştirak edən xanımlara gül hədiyyə edilib.