Nuru paşanın Göyçaydakı hərbi qərargahının olduğu ev dağıdılıb

Nuru paşanın Göyçaydakı hərbi qərargahının olduğu ev dağıdılıb

11 Fevral 2020 09:06
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya Bakıda abidə ucaldılması məsələsinin aktual olduğu bir dövrdə onun Göyçayda hərbi qərargahının olduğu evin dağıdıldığı haqqında məlumatlar yayılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, böyük bir tarixi hadisəyə şahidlik edən bu evin hansısa işbaz(lar) tərəfindən mənimsənilməsi, şəxsi əmlaka çevrilməsi yolverilməz olsa da, təəssüf ki, milli təəssübkeşlikdən uzaq olan şəxs(lər) buna rəvac verirlər.

Məlumdur ki, Bakının daşnak erməni-rus hərbi birləşmələrindən təmizlənməsində, azad edilməsində, Azərbaycanın bölgələrinin daşnak zülmündən xilas olunmasında qəhrəman Nuru paşanın və onun əsgərlərinin misilsiz rolu olub. Gizlin deyil ki, Nuru paşanın Göyçaydakı bu qərargahında döyüş planları qurulub, erməni daşnakların qovulması üçün hərbi taktikalar hazırlanıb, Azərbaycanın müdafiəsi təşkil edilib. Qərargahda sənədlər, raportlar var. Yəni tarix üçün çox əhəmiyyətli, qiymətli faktlar mövcuddur. Tarixçilər qeyd edirlər ki, qərargah olan bu bina əsaslı şəkildə təmir-bərpa edilməli, muzeyə, ziyarət yerinə çevrilməli olduğu halda, hansısa işbaz tərəfindən tarixin arxivinə qovuşmaq üzrədir.

“…Qafqaz İslam Ordusuna, Azərbaycan Xalq Cümhuriyyətinə, xalqımıza qarşı böyük haqsızlıqdır”
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirib ki, bir iş adamı tərəfindən alınan abidənin sökülməsinə başlanıb: “Çox təəssüf edirəm ki, belə bir hal baş verir. Bu tarixi abidənin qorunması üçün addımlar atılmasını xahiş edirəm”.

Mətbuatın yazdığına görə, Göyçay Rayon İcra Hakimiyyəti yanında komissiyanın qərarı ilə həmin binanın qəzalı olması qərarı verilib. Mənzil-istismar sahəsindən isə bildirilib ki, 2018-ci ilə qədər bina idarənin balansında olub. Sonra yerli idarənin balansından çıxarılıb, sahibkarlara satılıb. Binanın əsas yaşayış yerində isə hələ ki, heç bir iş görülməyib, çayxana kimi istifadə edilir.

Bu qərargah tarixi abidə kimi qorunmalı olduğu halda, bəzi yarıtmaz məmurların əlində alqı-satqı predmetinə çevrilib. Bu isə adamda yalnız təəssüf hissi yaradır.

Tarixçi-alim Dilavər Əzimli mətbuata bildirib ki, bu cür məsələlər daim gündəmə gəlsə də, hələ haraylara fikir verən yoxdur: “Bu sahələrə cavabdeh olan şəxslər və qurumlar millətin tarixini oxuyurlarmı? İnanın ki, oxumurlar. Oxusaydılar, bu cür biganəliyin şahidi olmazdıq. Onları daha çox postmodernizm və multikultural dəyərlər maraqlandırır. Rayonlara gedəndə nə qədər xarabaya qalmış abidə, dağılıb, viran qalmış bəy evləri ilə rastlaşıram. Onlardan biri də Nuru paşanın Göyçaydakı qərargahı, Sadıq bəy və Həzrət bəy Ağabababəyovların evidir.

SSRİ dönəmini başa düşürdük. Hələ yaxşı ki, sovet vaxtı bu evləri qorudular və tamamilə silib-atmadılar.

Narahatlıq doğuran odur ki, müstəqillik vaxtında bu cür tarixi abidələr dağılıb yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Görəsən, həmin rayonların məmurları utanır, xəcalət çəkirlərmi?

Gərək hər məsələyə birbaşa ölkə başçısı reaksiya versin, sonra qurumlar işə başlasın? Nuru paşaya biganəlik tariximizə, millətin ruhuna xəyanətdir” - deyə bildirib.

Məlumdur ki, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırım Göyçaydan da yan keçməyib. Rayonun Qarabaqqal kəndində bir həftə müddətində aramsız döyüşlər gedib. Nuru paşanın komandanlığı altında vuruşan Osman Dədəlioğlu həmin döyüşlərdə yaralandığı üçün bir müddət Azərbaycanda qalıb müalicə olunub.

Sonra sərhədlər bağlandığından, Türkiyəyə qayıda bilməyən Osman Dədəlioğlu Göyçayın Cəyirli kəndində qalaraq burada yaşamalı olub.

Burada ailə quran türk əsgərinin hazırda iki qızı və nəvələri Göyçayda yaşayır. Osman Dədəlioğlunun nəvəsi Taleh Cəbrayılov xatirələrini danışıb. “Osmanlı Hərbiyyə naziri Ənvər paşanın əmri ilə 1918-ci ilin iyun ayında Qafqaz İslam Ordusu Nuru Killigil, yəni Nuru paşa və Xəlil paşanın komandanlığı altında Azərbaycana göndərilir. Nuru Killigil həmin orduya komandan təyin olunur. Bir müddət Gəncədə Azərbaycan Ordusunun təşkilatlanması ilə məşğul olan Nuru paşa Göyçay ətrafında bolşevik-daşnak qüvvələrini məğlubiyyətə uğradır.

Qələbəsini əks-hücumla davam etdirən Qafqaz İslam Ordusunun irəliləyişinin qarşısını almaq üçün ingilislər Bakıya qüvvə göndərirlər. Azərbaycanın daxilindən, yerli əhalidən böyük dəstək alan ordu ingilis qüvvələrini də Bakı ətrafında məğlub edir”. Bu fikirlər də mətbuatda yer alıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəsləfə İnstitutunun aparıcı elmi işçisi, tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baş verənləri təəssüflə qarşılayır: “Çox təəssüflər olsun ki, belə bir hadisə baş verib. Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın Göyçayda 1918-ci ilin yayında qurduğu qərargaha bu cür münasibət qəbuledilməzdir. Nuru paşanın qərargahının dağıdılması, yaxud onun hansısa bir şəxsə satılaraq başqa məqsədlərlə istifadə edilməsi hər bir Azərbaycan vətəndaşını narahat etməlidir. Mən Nuru paşanın qərargahı olan evi görmüşəm. Əslində, Nuru paşanın qərargahı yerləşən evə bu cür mənfi münasibət, bütövlükdə, Qafqaz İslam Ordusuna, Azərbaycan Xalq Cümhuriyyətinə, xalqımıza qarşı böyük haqsızlıqdır. O dövrdə Azərbaycanı erməni daşnaklarının və rus bolşeviklərinin hərbi birləşmələrindən təmizləyən Nuru paşanın ruhuna edilən bu hörmətsizlik Azərbaycan xalqına göstərilən sayğısızlıqdır. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin içində yuva qurmuş anti-Azərbaycan, antitürk ünsürlərin əməlidir. Bu qüvvələr hər fürsətdə Azərbaycan Xalq Cümhuriyyətini, Qafqaz İslam Ordusunu, Nuru paşanı, xalqımızın tarixini, milli-mənəvi dəyərlərini kölgədə qoymaq isəyirlər”.

F.Ələkbərli qeyd etdi ki, vaxtilə Azərbaycanı işğal edən XI Qırmızı Orduya, “26 Bakı komissarına” abidə ucaldırdıq, amma bu gün biz başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Cümhuriyyətin liderlərinə, onun qurucularına, Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya və digərlərinə layiq olduqları bir abidə ucalda bilmirik. “Üstəlik, onların izlərini silməyə çalışanlar tapılır. Nuru paşanın və Qafqaz İslam Ordusunun izini silməyə cəhd göstərənlər onların əməyini də silmək istəyirlər. Buna cəhd edən qüvvələrin bu hərəkətlərini xalq olaraq, dövlət olaraq kəskin pisləməliyik. Hesab edirəm ki, 1918-ci ildə Nuru paşanın Göyçaydakı qərargahının yerləşdiyi evin başına gətirilən bu faciələr cavabsız qalmamlı, bunu törədənlər layiq olduqları cəzanı almaldırlar. Fikrimcə, ölkə başçısı İlham Əliyev bu həssas məsələni də nəzarətə götürəcək və tez bir zamanda qərargahın bərpasına nail olacağıq. Bu məsələyə Prezidentin müdaxiləsi olmasa, bəzi məmurlar və antimilli ünsürlər daha da dərinə gedəcəklər” - deyə bildirən F.Ələkbərli hesab edir ki, Nuru paşanın qərargahını qəzalı vəziyyətə salanlar, oradan biznes məqsədilə istifadə edən adamlar hüquqi müstəvidə cəzalandırılmalıdırlar.

Oxuməni.az