Elçibəyə “səni öldürəcəklər, Bakını tərk et” xəbərini kim çatdırıb? – 30 illik sirr açıldı

Elçibəyə “səni öldürəcəklər, Bakını tərk et” xəbərini kim çatdırıb? – 30 illik sirr açıldı

26 İyun 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan tarixinin ən önəmli və üzücü hadisələrindən birinin üstündən 30 il ötür. 1993-cü il iyun ayının 17-dən 18-nə keçən gecə Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy Bakını tərk edib. Onun bu gedişi haqda dövlət rəhbərliyi və yaxın silahdaşları xəbər tutmayıb. Mühafizə xidmətindən başqa bu əməliyyatı kimsə bilməyib. Hər halda indiyə kimi bu mövzuda söhbət düşəndə bunu eşitmişik: “Elçibəy paytaxtı gizlin şəkildə tərk edib”.

Gəncədə 4 iyun tarixində baş verən hərbi qiyamdan sonra hakimiyyətin daxilində ciddi təlatümlər yaşanırdı. Prezident daxil, bütün rəhbərlik çaşqın vəziyyətə düşmüşdü. Emosiyalar gərilmiş, əsəblər tarıma çəkilmişdi. Milli Məclisin iclaslarında qarşılıqlı ittihamlar gün-gündən çoxalırdı. AXC hakimiyyətinin tək bir nümayəndəsi – Ali Sovetin o vaxtkı sədri İsa Qəmbər təmkinini, soyuqqanlılığını, psixoloji tarazlığını qoruyub saxlaya bilmişdi. Qalan hər kəs panik durumda idi. Aradan çıxmağa, məsuliyyətdən yayınmağa bəhanə axtarırdılar. Bunu hadisələrin içində olmuş, prosesləri yaxından müşahidə etmiş biri kimi məsuliyyətlə yazıram.

Əbülfəz Elçibəy o ərəfədə informasiya blokadasına alınmışdı. Ona mötəbər mənbələrdən məlumat gəlmirdi. Əslində, o mötəbər mənbələr özləri yoxa çıxmışdı. Güc nazirləri, xüsusi xidmət orqanı rəhbərləri demoralizə olmuşdular. Prezidentlə əlaqələrdən yayınırdılar. Deməyə söz, verməyə məlumat yox idi. Elçibəy komandasının əsas beyin mərkəzi sayılan və məxfi məlumatları əldə edib, ölkənin 1-ci şəxsinə ötürəcək ən etibarlı adam – milli təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Əkbər iyunun 4-dən Gəncədə qiyamçıların girovluğunda idi. O vaxtkı milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzov vəzifədə qalsa da, özünü-sözünü itirmişdi. Onun Milli Məclisin iclasında Heydər Əliyevin suallarına cavab verərkən necə biabırçı duruma düşdüyü o vaxt hadisələri izləyənlərin yaxşı xatirində olar. Daxili işlər naziri Abdulla Allahverdiyevin də fəaliyyəti adekvat deyildi. Müdafiə naziri Dadaş Rzayev məsuliyyətdən və qiyamçıların qəzəbindən yayınmaq üçün nala-mıxa vururdu. Əbülfəz Elçibəy sonralar mətbuata müsahibələrində deyirdi ki, güc strukturlarının rəhbərləri ilə kontakt qurmaqda çətinlik çəkirmiş. Bu etirafı Kələkidə olarkən özünün dilindən mən də eşitmişəm. Həmin vaxt prezidentin nazirlərlə birbaşa rabitəsini təmin edən xətt bilərəkdən sıradan çıxarılıb. Təsəvvür edin, dövlətin birinci şəxsi telefonu qaldırıb nazirlərlə danışmaq istəyir, baxır ki, rabitə yoxdur…

Əbülfəz Elçibəy bu cür situasiyadan bezmişdi və rasional qərarlar qəbul etmək gücündə deyildi. Bir yandan da o vaxtkı siyasi müxalifət hər gün hakimiyyəti Gəncədə qardaş qırığını törətməkdə suçlayırdı. Əbülfəz Elçibəy bu ittihamlardan sarsılmışdı. Onu tanıyanlar yaxşı bilirlər, sabiq prezident ölkəsində məhz onun üzündən vətəndaş müharibəsinin başlamasından çox ehtiyat edirdi. Bunu hakimiyyətdə olduğu 1 il ərzində tez-tez dilə gətirmişdi. Görünür, rəqibləri onun bu həssas nöqtəsini bildikləri üçün Elçibəyə son vaxtlar ölkədə vətəndaş müharibəsinin başlayacağı haqda yanlış məlumatların ötürülməsinə çalışırdılar.

Qəzetlərdə “Azərbaycanda vətəndaş müharibəsi başlayır” manşetlərini oxumaq kövrək qəlbli, həddən artıq humanist, bir o qədər də təcrübəsiz prezident üçün ciddi travma idi. Real məlumatlardan kənarda saxlanılan, yalan informasiya ilə çevrələnən prezident üçün “Surət Bakıya gəlir, səni güllələyəcək”, “Qiyamçılar “Qrad” qurğuları ilə Prezident Aparatının binasını vuracaqlar” saxta informasiyaları qırılma anı olub.

Təxminən ilyarım əvvəl AMİP lideri Etibar Məmmədovla səmimi ortamda, yemək masasında dialoq imkanım oldu. Etibar bəydən dəfələrlə müsahibə götürmüşəm. Onun sevmədiyi jurnalistlər siyahısında ilk sıralarda olduğuma əminəm. Etiraf edirəm, hər zaman əleyhinə yazmışam. Amma heç vaxt sərbəst ortamda söhbətimiz olmamışdı. Ona görə söhbət əsnasında Əbülfəz Elçibəyin Bakını tərk etməsinin səbəbi haqda soruşdum. “Prezident Bakını tərk etməsəydi, vətəndaş müharibəsi, Bakıda küçə döyüşləri olacaqdımı” sualına cavab istədim. Etibar bəy gülümsədi. “Heç nə olmayacaqdı, şayiə idi” dedi. Və ardından çox maraqlı bir məlumatı söylədi. Bildirdi ki, Rəhim Qazıyevin mühafizəçilərindən biri Əbülfəz Elçibəyin mühafizəçisinə deyib ki, Surət Bakıya gəlir, Prezident Sarayına hücum edəcək, prezidenti öldürəcək. Rəhim Qazıyevin qorumasından xəbəri alan mühafizəçi Elçibəyin yaxın qohumu olub. O, prezidentə bu məlumatı çatdırdıqdan sonra Elçibəy Bakını tərk etmək qərarına gəlib. Yəni nə kəşfiyyat məlumatı olub, nə doğru-dürüst analiz aparılıb – sadəcə, şayiələrə əsir düşülüb və bu cür psixoloji gərginlik altında qərar verilib. Etibar bəyin qənaəti belə idi.

İyul, 1993. Milli Məclis. Soldan sağa: Surət Hüseynov, Nemət Pənahlı, Rəhim Qazıyev və türkiyəli jurnalist Mehmet Ali Birand

Uzun illər 4 iyun qiyamı və onun nəticələrindən yazmışam. 1997-ci ilin may ayında 1 həftə Kələkidə jurnalist kimi ezamiyyətdə olmuşam. Rəhmətlik Əbülfəz bəylə saatlarla, günlərlə söhbət etmək, müsahibə almaq fürsətim yaranıb. Bu mövzuda ünvanladığım suala belə cavab verib: “Bəzi sirlər var, onlar mənimlə qəbirə gedəcək”. Bir də bunu deyib: “Mənim üzümdən ölkədə vətəndaş qırğını düşə bilərdi, ona görə Bakıdan çıxmalı oldum”. Vəssalam! Başqa heç bir cavab ala bilmədim. Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət etdikdən bir neçə gün sonra Kələkiyə üz tutub.

Yeri gəlmişkən, Kələkidə ona “hakimiyyəti niyə Heydər Əliyevə verdiniz” sualını ünvanladım. “Bilirdim ki, Heydər Əliyev nəyin bahasına olur-olsun, Azərbaycanın parçalanmasına, ölkənin müstəqilliyini itirməsinə imkan verməyəcək” – cavabını verdi. Bu cavabı məni xeyli təəccübləndirmişdi…

Hələ o vaxtlar, 25 yaşım olanda vətəndaş qırğını söhbətinə ciddi yanaşmırdım. Bu arqumentin doğruluğuna heç vaxt inanmamışam, bəhanə hesab etmişəm. Heç nə olası deyildi. Sadəcə, dövlətin ortaya güc, iradə qoyması lazım idi. Surətin başıpozuq, nizam-intizam tanımayan dəstəsini Bakıətrafı qəsəbələrdə zərərsizləşdirmək mümkün olub, rəhbərlik buna sanksiya verməyib. Bu faktlar yada düşəndə adam heyrətdən donub qalır.

1993-cü ilin iyun hadisələri Elçibəy komandası ilə bağlı cəmiyyətdə ciddi qənaət formalaşdırdı. Heydər Əliyevin analoji vəziyyətlərdə (4 oktyabr 1994-cü il, 13-17 mart 1995-ci il) dayanması, dövləti və ölkəni taleyin ümidinə buraxıb geri çəkilməməsi bu qənaəti daha da möhkəmlətdi, xalqa müqayisə imkanı verdi. Azər Ayxan, Globalinfo.az