Macəraçı milyarderin həzin sonu – 11 min metrlik dərinliyə enən Hardinq "dayaz" suda öldü

Macəraçı milyarderin həzin sonu – 11 min metrlik dərinliyə enən Hardinq "dayaz" suda öldü

30 İyun 2023 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Macərapərəstlik zənginliyə, kasıblığa baxmır, hər kəsin canında ola bilər və olur.

Milyarderlər nə qədər ağıllı, savadlı, fəhmli, ehtiyatlı olsalar da, hər zaman canlarını çox istəsələr də, bəzən macəra həvəsi onların başının bəlasına çevrilir, gedər-gəlməzə aparır.

Doğum günündən 6 gün əvvəl batiskafa minərək Atlantik okeanının dibinə, məşhur “Titanik” gəmisinin 113 il əvvəl batdığı yerə enmək, əfsanələşmuş laynerin qalıqlarına baxmaq istəyən və yolda həyatını itirən britaniyalı Hamiş Hardinqin faciəvi aqibəti buna parlaq misal ola bilər.

Milyonlarla adi adam bu hadisədən xəbər tutanda mütləq ağıllarından belə fikir keçirəcək: “Nəyi çatmırdı axı onun? Okeanın dibində nə işi vardı ki, başına da bu iş gəlsin? Milyardları vardı, min il xərcləsə, qurtarmaz, oturub kef-damaq içində yaşaya bilməzdimi?”

hard-pilot.jpg (12 KB)

Təcrübə göstərir ki, xeyr, belə adamların da qəribə iştəkləri, qeyri-adi şakərləri olur. Onlar böyük varidat, şöhrət qazanırlar, komfort, kef-damaq, eyş-işrət içində yaşayırlar, amma həmişə özlərini “nəsə çatmır” ovqatında hiss edir, yeni hisslər axtarırlar. Bunu yalnız milyardı olan və “nyəinsə çatmadığı”nı duyan adamlar bilər.

Hamiş Hardinq belələrindən olub.

Corc Hamiş Livinqston Hardinq 1964-cü ilin iyun ayının 24-də Londonun Hammersmit şəhərində anadan olub. O, İngiltərənin cənub-qərbində yerləşən Qlouçester şəhərində kral məktəbində təhsil alıb, daha sonra Kembricdəki Pembrok kollecində oxuyub.

titan-hard.JPG (71 KB)

Hardinq baş ofisi Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) yerləşən “Action Group” aviaşirkətinin təsisçisi idi və ingilis iş adamıydı. İş adamı olmaqla yanaşı Hardinq pilot, təhqiqatçı, macərapərəst adam olub. Onu kosmik turist olaraq kosmosa qaldıran, həvəskar kosmonavt edən də elə bu xüsusiyyəti idi.

Hardinqin macəraçılığını bariz şəkildə göstərən başqa ekspedisiyaları da olub: o, bir neçə dəfə Cənub qütbünü ziyarət edib, Yer kürəsini dövrə vurmaq üzrə rekordu qırıb və Ginnesin Rekordlar Kitabına düşüb. 2017-ci ildə o, VİP turizm şirkəti olan “White Desert” ilə birlikdə “Gulfstream G550”-dən istifadə edərək Antarktikaya səfər edib, buz uçuş-enmə zolağına enib.

Bundan başqa, 5 mart 2021-ci ildə Hardinq və Viktor Veskovo iki nəfərlik sualtı qayıqla 36.000 fut (11.000 m) dərinlikdə Mariana çökəkliyinin ən dərin nöqtəsi olan “Challenger” dərinliyinə enib, orada ən uzun müddətə qalan şəxslər olublar.

Bəlkə də ömrü vəfa etsə, Hardinq alpinist kimi Everestin zirvəsinə də qalxacaq, Antarktidada buzun üstündə çadır da quracaqdı.

battis.jpg (7 KB)

Təəssüf ki, bu dünyanın gözəlliklərini və hər kəs üçün əlçatan olmayan üzünü görmək istəyən, bu yolda milyonlarından keçən Hardinq 2023-cü ilin iyun ayının 18-də “Titanik”in batdığı yerin 500 metrliyində həlak oldu. 1500-dən çox adama məzar olan gəminin qalıqlarını seyr etmək Hardinqə nəsib olmadı, o da 113 il əvvəl həmin adamların gömüldüyü suya gömüldü.

Hardinqlə bərabər daha 4 nəfər olub. Onlardan ikisi batiskafın idarəediciləri, digər ikisi isə pakistanlı milyonçu ata-oğuldur: Şahzadə Davud və Süleyman Davud. İlk iki nəfər macərapərəstlərdən böyük pullar qazanan iş adamlarıydısa, Hardinq və ata-oğul Davudlar suyun əzici təzyiqinin pivə bankası kimi sıxıb əzdiyi batiskafa məhz yeni hisslər yaşamaq üçün minmişdilər.

harding.jpg (4.19 MB)

Hardinqin xeyirxah işləri də olub. 2022-ci ilin sentyabr ayında Hardinqin aviasiya şirkəti “Action Aviation” Hindistan hökumətinin və Namibiyadakı Hepardları Mühafizə Fondunun (CCF) layihəsi üzrə Namibiyadan Hindistana səkkiz vəhşi hepard daşımaq üçün xüsusi hazırlanmış Boeing 747-400 təyyarəsini verib. 1947-ci ildə müstəqillik əldə etdikdən sonra Hindistanda hepardların nəsli kəsildiyinə görə Hardinq Hindistana belə bir xeyirxahlıq jesti edib.

Maraqlıdır, okeanın 11 min metr dərinliyinə enən, suyun dibində yaşamaq təcrübəsi olan, okeanın dərinliyindəki suyun təzyiqinin nə demək olduğunu bilən milyarder səyyah nə əcəb 490 metr dərinlikdəki təhlükəni hiss etməyib, mindiyi “Titan” batiskafının bu təzyiqə dözüb-dəzməyəcəyi ilə öncədən və detallı şəkildə maraqlanmayıb?

hard-ela.JPG (31 KB)

Hər necə olsa da, artıq gecdir, bu macərapərst v' pozitiv insan artıq yoxdur. Bəlkə də heç cəsədinin qalıqları da tapılmayacaq. Sabah isə onun 59 yaşı tamam olacaqdı.

Görünür, atalar “su sənəyi suda sınar” məsəlini belə situasiyalar üçün işlədiblər. Hardinq nə vaxtsa mütləq macəra həvəsinin qurbanı olacaqdı – hansısa bir şəkildə. Musavat.com