Övladlarını rus dilində oxudan, ana dilində danışmağı özlərinə təhqir hesab edən rusbaşlar və ya...

Övladlarını rus dilində oxudan, ana dilində danışmağı özlərinə təhqir hesab edən rusbaşlar və ya...

24 Fevral 2021 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

“Dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan zavallı xalqım mənim!”

Rəhmətlik Mirzə Cəlilin bu kəliməsi təkcə müstəmləkə siyasətində yaşadığımız zaman üçün deyil, bu gün də aktualdır. Bir neçə dil bilmək müsbət keyfiyyətdir və təqdirəlayiqdir. Nə qədər çox dil bilsən başının ucalığıdır. Lakin ən birinci insan dil öyrənməyə düşünürəm ki, öz dilindən başlamalıdır. Bəli, bu mövzuya toxunmağa son zamanlar gördüklərim və eşitdiklərim vadar etdi. Düşünürəm ki, damarında türk qanı, azərbaycanlı qanı axan kimsə dil mövzusuna biganə yanaşa bilməz. Son dövrlər rus məktəbləri sanki dəb halını alıb. Əksəriyyət övladının rusun dilində təhsil alması üçün dəridən qabıqdan çıxır. Bəs rus dilinə artan bu qədər marağın kökündə hansı səbəblər dayanır?? Buna bizi kim və ya nə vadar edir? Zaman-zaman ərazi bütövlüyümüzə göz dikən ruslar, dilimizin də yayılma arenasını məhdudlaşdırmağı bacarıblar. Rus dilinin ölkədə belə çox yayılması təbii ki, Azərbaycan dilinə olan marağın azalmasını təmin edir. Rus dilində təhsil alanlar cəmiyyətdə daha intelligent hesab olunur.

Baxırsan valideynlərdən heç biri rus dilində bir cümlə qura bilmir, lakin uşağının rus dilində təhsil almasını seçir. Uşaq da məktəbə gedən günə qədər rus dilində bir söz belə eşitməmiş olur. Uşaq ibtidai təhsilini başa vuranacan güc-bəla ilə rus dilində cümlə qurmağa başlayır. Təbii ki, bu vəziyyətdə bilik və savad söhbətin mövzusu ola bilməz. Digər bir halda, valideynlər rus dillidir, uşağının da təhsil alması üçün rus dilinə üstünlük verir. Evdə də gündəlik ünsiyyətlərini rus dilində qururlar, hətta bəziləri uşaqlarına Azərbaycan dilində danışmağı belə qadağan edir.Nəticədə daha acınacaqlı və ürək ağrıdan səhnə ilə qarşılaşırıq. Uşaq müəyyən yaşa çatır, öz dilində fikirlərini sərbəst şəkildə ifadə edib fikir mübadiləsi aparmaqda çox böyük çətinliklər çəkir.Rus bölməsində təhsil alan şagirdlərin çox faizi Azərbaycan tarixindən, ədəbiyyatından, mədəniyyətindən xəbərsizdir. Bu halda onlar xarici arenada Azərbaycanı necə təmsil edib “Mən Azərbaycanlıyam” deyə bilərlər. Şəxsiyyət formalaşır, lakin onun ana dilinin nə olduğu sual altında qalır... Bir qisim valideynlər isə uşağını rus bölməsinə qoymağın səbəbi kimi Azərbaycan dilində elmi ədəbiyyatın yoxluğuna əsaslanırlar. Belə vətəndaşları “cahil” adlandırsaq yerinə düşər.Bu insanlar SSR dövründə eşitdikləri ilə yaşayıb, yeni dövrə assimilyasiya olmayanlardır. Bütün bunlar göstərir ki, biz hələ də ruslaşdırma siyasətini faciəsini yaşayıb bitirməmişik, hələ də o siyasətin ideologiyamıza həkk etdikləri şüuraltımızdan silinməyib. Kütləvi surətdə artan rus bölmələri bunun bariz nümunəsidir. Diqqət etsək görərik ki, əsasən “ziyalı təbəqənin nümayəndələri” uşaqlarının rusca təhsil alması üçün daha çox canfəşanlıq edirlər. Sual verəndə ki, öz dilin ola-ola niyə təhsil üçün rusun dilini seçirsən, bildirirlər ki, əmək bazarında rus dilinə daha çox üstünlük verilir. Və guya, rus dilində təlim-tərbiyə alan uşaq daha sərbəst, komplekssiz və düşdüyü vəziyyətə daha tez uyğunlaşan olurmuş. Bütün bunlar göstərir ki, rus bölmələrini seçib ruslaşan millətimin gətirdiyi bəhanələr onların özlərinin də özlərini inandırdıqları nağıllardır. 20-ci əsrdə rus dilində danışıb, onu təbliğ edənləri, o dildə yazıb-yaradanları qınaya, günahlandıra bilmirik, çünki siyasi rejim onlardan bunu tələb edirdi. Bu gün isə müstəqil dövlətdə yaşayıb, bu torpağın havasını udub, suyunu içənlər, xüsusən də, qoltuqda oturanlar, müəyyən mövqe tutanların öz doğma ana dillərində deyil, rusun dilində danışıb, rusun dilində təhsil almalarına nə ad vermək olar, bilmirəm...

Gözünü Azərbaycanda açan və yaxud əlli ildir türkün torpaqlarında yaşayan çox saylı qeyri-millətlər var, ruslar da daxil olmaqla. Lakin onlar niyə türkün dilində təhsilə can atmır, niyə bizim dili öyrənməyə maraqlı deyillər. Yəqin ki, bunun əsas səbəbi bizim öz dilimizə qıyğacı münasibət və bu dilin zəif təbliği və təşviqidir. Azərbaycanda yaşayan bir rusa azərbaycanca salam verirsən, cavabında öz dillərində salam eşidirsən. Onlar bizim dildə salam verməyi ar bildikləri halda, biz onların dilində danışmağı şərəf bilirik. Heç olmasa, bu dil uğrunda savaşıb, mübarizə aparanların, ölümün cənginə atılıb, illərlə əzab-əziyyət çəkənlərin ruhuna hörmətsizlik etməyək. Digər dilləri öyrənməklə yanaşı, öz dilimizə də sahiblənməyi bacaraq. Əks halda, manqurtlaşmış cəmiyyət qaçılmaz olacaq!

Elida Muxayeva