Dağıstanlı restoranda işlədiklərinə görə keçmiş həyat yoldaşını və qızını güllələyərək öldürüb
Dağıstanda Xasavyurt şəhərindəki restoranda keçmiş həyat yoldaşına və qızına atəş açan kişi saxlanılıb. Yaralıları xilas etmək mümkün olmayıb. Oxuməni.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
İstintaqın versiyasına görə, şəxsiyyəti açıqlanmayan kişi “qəfil yaranmış şəxsi ədavət zəminində” iki qadına bir neçə dəfə atəş açıb. Onlardan biri hadisə yerində, digəri isə aldığı xəsarətlərdən sonra xəstəxanada ölüb.
Hüquq-mühafizə orqanlarına yaxın “112” Telegram kanalı yazır ki, şübhəli şəxs Dağıstan sakini, 46 yaşlı Aliasxabdır. O, kafedə işləyən 45 yaşlı keçmiş həyat yoldaşı Sürmiyət və 23 yaşlı qızını öldürüb. Onun fikrincə, qadınlar “ailəni rüsvay edirdilər”. Kişinin keçmiş həyat yoldaşının işdən çıxaraq onların beş azyaşlı övladının tərbiyəsi ilə məşğul olmasını tələb etdiyi bildirilir.
Keçmiş ər-arvad arasında mübahisə yaranıb və kişi tapançasını çıxarıb. Qadın qaçmağa çalışsa da, şübhəli şəxs onun kürəyinə bir neçə dəfə atəş açıb. Daha sonra anasına kömək etməyə çalışan qızına da atəş açıb.
Baza-nın məlumatına görə, münaqişə boşanmadan sonra keçmiş ər-arvadın uşaqlarla ünsiyyət qaydası barədə razılığa gələ bilməməsi səbəbindən yaranıb.
Kişi saxlanılıb və barəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (iki şəxsin qətlə yetirilməsi) ilə cinayət işi açılıb.
Almaz Həsənli











.jpg)




















































































