Cənubi Koreyadakı son vəziyyət
Mümkün impiçment fonunda Cənubi Koreya lideri mümkün “hakimiyyət iflici” elan etdi və hərbi vəziyyət tətbiq etdi, lakin parlament bu qərarı ləğv etdi.
Cənubi Koreyada müxalifət partiyaları dövlət çevrilişinə cəhddə ittiham edərək prezidentin, müdafiə, daxili işlər və təhlükəsizlik nazirlərinin impiçmentini təklif edəcək, “Yonhap” agentliyi xəbər verir.
Beləliklə, müxalifət “vahid cəbhə” yaratdı.
Prezidentin impiçmentini təsdiq etmək üçün Milli Assambleyanın plenar iclasında bütün deputatların yarıdan çoxu iştirak etməlidir və onların üçdə ikisi lehinə olmalıdırlar.
Hazırda parlamentdə 300 deputat var. Bu o deməkdir ki, impiçmentin təsdiqlənməsi üçün ən azı 200 səs toplanmalıdır, yəni müxalifətin 192 səsinə hakim partiyanın ən azı 8 səsi qoşulmalıdır.
Plenar iclasda impiçment qəbul olunarsa, prezidentin səlahiyyətləri dayandırılacaq.
Çərşənbə günü gecə ölkə prezidenti hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Bu tədbir parlamentin işinə və siyasi partiyaların fəaliyyətinə qadağa qoyulmasına, həmçinin mediaya nəzarət etməyə imkan verir. Prezident bu addımı “Şimali Koreyayönlü qüvvələrin təmizlənməsi” kimi izah edib. Digər əsaslandırma isə “liberal konstitusiya quruluşunun” qorunmasıdır.
Cənubi Koreya parlamenti hərbi vəziyyətin ləğvinə səs verib. İclasda 300 deputatdan 190-ı iştirak edib və onların hamısı lehinə olub. Bundan sonra ora daha əvvəl gələn hərbçilər qanunvericilik binasını tərk ediblər.
Ölkə konstitusiyasına uyğun olaraq, parlament səs çoxluğu ilə onun tətbiqinin əleyhinə səs verərsə, dövlət başçısı ölkədə hərbi vəziyyəti ləğv etməyə borcludur.
Səsvermədən üç saatdan çox vaxt keçdikdən sonra prezident hərbi vəziyyəti ləğv edəcəyinə söz verib. Tezliklə ölkə hökuməti hərbi vəziyyətin ləğvini müdafiə etdi. Silahlı qüvvələrdə yaradılmış hərbi vəziyyətin tətbiqi üzrə komandanlıq da ləğv edilib.
Yun Sok Yol 2022-ci ilin may ayından prezident vəzifəsini icra edir. O, uzun müddət prokurorluq orqanlarında çalışıb, 2019-2021-ci illərdə baş prokuror vəzifəsində çalışıb.
Almaz Həsənli