Polşa Ukraynaya qoşun yeritmək niyyətində deyil
Polşa öz qoşunlarını Ukraynaya göndərmək fikrində deyil. Polşanın baş naziri Donald Tusk bu barədə cümə axşamı, dekabrın 12-də Varşavada Fransa prezidenti Emmanuel Makronla danışıqlardan sonra bildirib.
“Mən atəşkəs əldə edildikdən sonra bu və ya digər ölkənin Ukraynada potensial mövcudluğu ilə bağlı fərziyyələri dayandırmaq istəyirəm: Polşa ilə bağlı qərarlar Varşavada və yalnız Varşavada veriləcək”, - “Reuters” Tuskdan sitat gətirib. “Hazırda biz belə aksiyalar planlaşdırmırıq”, - deyə siyasətçi əlavə edib.
“Polşa Ukraynadakı müharibə ilə bağlı bütün Avropa ölkələri arasında ən böyük yükü daşıyır”, - deyə o, Ukrayna Silahlı Qüvvələrinə silah tədarükü, Polşadan keçən Ukraynaya yardım üçün logistik marşrutlar, eləcə də Ukraynanın müdafiəsi və Polşanın Rusiya Federasiyası və Belarusiya ilə sərhədi barədə danışıb.
Polşanın “rmf” radiostansiyasının məlumatına görə, Varşava hətta Avropa sülhməramlı kontingenti orada yerləşdirilsə belə, Ukraynaya əsgər göndərmək niyyətində deyil. Səbəb tarixi məsuliyyətdir, çünki Ukraynanın bəzi hissələri əvvəllər Polşanın bir hissəsi idi. Bundan əlavə, 10 minə yaxın Polşa əsgəri artıq Belarusla sərhədi qorumaqla məşğuldur.
“Reuters”in məlumatına görə, bugünkü danışıqlarda Makron və Tusk xüsusilə Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışı fonunda Avropa ölkələrinin Ukrayna nizamlanmasında daha fəal iştirakını müzakirə ediblər. "Avropalılar olmadan Avropada təhlükəsizlik ola bilməz," –Makron deyib. O bildirib ki, qitə ölkələri onun təhlükəsizliyinə görə məsuliyyət daşımalıdır.
Almaz Həsənli