ABŞ-ın internet istifadəçiləri kütləvi şəkildə Çin sosial şəbəkəsi “Xiaohongshu”-ya köçməyə başlayıblar
“The Wired” xəbər verir ki, ABŞ Ali Məhkəməsinin TikTok-a mümkün qadağa ilə bağlı qərarı ərəfəsində amerikalı istifadəçilər kütləvi şəkildə Çinin “Xiaohongshu” (小红书) sosial platformasına köçməyə başlayıblar. Bazar ertəsi günü tətbiq rəsmi ingiliscə adı olmamasına baxmayaraq, ABŞ “App Store”-da ən çox yüklənən proqram olub.
300 milyondan çox istifadəçisi olan “Xiaohongshu”, əvvəlcə səyahət və həyat tərzi məzmununu paylaşmaq üçün bir platforma olaraq yaradılmışdır. Özlərini "TikTok qaçqınları" adlandıran yeni istifadəçilər əsasən Çin dilində olan interfeysdə naviqasiya etmək üçün tərcüməçilərdən istifadə edirlər.
Bazar günü “Xiaohongshu”-da yayımlanan bir videoda istifadəçilərdən biri deyib: "Mən Mark Zukerberqə məxsus sosial şəbəkədən istifadə etməkdənsə, başa düşmədiyim dilə baxmağı üstün tuturam".
Kütləvi keçid, ABŞ Ali Məhkəməsinin cümə günü TikTok-u ABŞ-dakı əməliyyatlarını satmağa və ya bazarı 19 yanvara qədər tərk etməyə məcbur edə biləcək qanunla bağlı arqumentləri eşitdikdən sonra başladı. Ekspertlər qeyd edirlər ki, hakimlər qanunu konstitusiya uyğun kimi tanımağa meyllidirlər.
Platforma TikTok-dan əhəmiyyətli dərəcədə fərqlənir: məzmunun əksəriyyəti qısa videolar deyil, mətn təsvirləri olan fotoşəkillərlə təmsil olunur. Çinli istifadəçilər yeni gələnləri fəal şəkildə qarşılayır, dil maneəsinə baxmayaraq, onlara yerləşməyə kömək edir.
“Yeni istifadəçilərin əksəriyyəti indi maraq mərhələsindədir.Düşünürəm ki, zamanla bəzi mədəniyyət şoku və ya münaqişə ola bilər, lakin bu, bir-birimizi daha yaxşı tanımaq prosesinin bir hissəsi olacaq,"- platformanın çinli istifadəçisi Devid Yang bildirib.
Bununla belə, “Xiaohongshu”-nun TikTok ilə eyni aqibəti yaşaya bilməsi ehtimalı var, çünki qəbul edilən qanun istənilən “xarici rəqib tərəfindən idarə olunan tətbiqi” bloklamaq imkanını nəzərdə tutur. Buna baxmayaraq, platforma Amerika istifadəçiləri arasında populyarlıq qazanmağa davam edir.
2013-cü ildə Şanxayda qurulan “Xiaohongshu”, 2024-cü ildə 1 milyard dollardan çox illik gəliri ilə Çinin ən uğurlu platformalarından biridir. Platforma materik Çindən kənarda çindilli istifadəçilər, o cümlədən xaricdəki tələbələr və müxtəlif ölkələrdəki diaspor icmaları arasında da populyardır.
Almaz Həsənli