Rusiya Trampla danışıqlarda Ukraynadan NATO əlaqələrini kəsməsini tələb edəcək

Rusiya Trampla danışıqlarda Ukraynadan NATO əlaqələrini kəsməsini tələb edəcək

13:37
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla danışıqlar zamanı Rusiya Ukraynanın NATO ilə hərbi əlaqələrinin mümkün qədər tez kəsilməsini və ölkənin məhdud orduya malik neytral dövlət statusu almasını tələb edəcək. Bu barədə “Bloomberg” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yayıb.
Qeyd olunur ki, Ukraynadakı döyüş meydanında öz üstünlüyünə getdikcə əmin olan Rusiya hökmdarı Vladimir Putin Ukraynanın heç vaxt Alyansa qoşulmaması və onun hərbi imkanlarının məhdudlaşdırılması məqsədinə çatmaq əzmindədir.
“Kremlin mövqeyi ondan ibarətdir ki, ayrı-ayrı NATO üzvləri ikitərəfli təhlükəsizlik razılaşmaları əsasında Ukraynaya silah göndərməyə davam edə bilsələr də, hər hansı bu cür silahlar Rusiyaya qarşı və ya ərazini geri almaq üçün istifadə edilməməlidir”, - nəşrin mənbələrindən biri bildirib.
Müəlliflər hesab edirlər ki, bu cür tələblər, demək olar ki, Ukrayna liderlərinin xoşuna gəlməyəcək. Üstəlik, Putinin mövqeyi Trampın bəyan etdiyi “münaqişəni mümkün qədər tez bitirmək” istəyi ilə ziddiyyət təşkil edir və Rusiyanın Ukraynanın şərqində irəliləyişinin ləng və baha başa gəldiyi bir vaxtda Moskvaya danışıqlar üçün sərbəst imkan vermək məqsədi daşıya bilər.
Eyni zamanda, danışıqlarla tanış olan Ukrayna rəsmiləri bildiriblər ki, Kiyev və Moskva arasında indiyədək yeganə danışıqlar yalnız əsirlərin mübadiləsi və deportasiya olunmuş uşaqların geri qaytarılması ilə məhdudlaşır. Eyni zamanda, ruslar Krım da daxil olmaqla Ukraynanın ələ keçirilən ərazilərinin demək olar ki, 20%-nə faktiki nəzarəti saxlamağa çalışırlar, baxmayaraq ki, “Moskva bəzi ərazi mübadiləsinə açıqdır”.
Qərb mediası yazır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Ukraynanı Rusiya ilə vaxtından əvvəl danışıqlara başlamağa məcbur etməyəcək. Eyni zamanda, Ukrayna üçün yanvarın 20-də keçirilən inauqurasiyadan sonra həyata keçirilə biləcək heç bir fəaliyyət planı yoxdur.
Almaz Həsənli