Gürcüstan qonşu ölkələrlə müqayisədə ən güclü pasporta malikdir
2024-cü il “Henley Pasport İndex”ində 45-ci yerdə olan Gürcüstan 2025-ci il reytinqində 44-cü pilləyə yüksəlib. Hazırda Gürcüstan vətəndaşları dünyanın 122 ölkəsinə vizasız və ya sadələşdirilmiş prosedurla daxil ola bilərlər. Onu da qeyd edək ki, Gürcüstan qonşu ölkələrlə müqayisədə ən güclü pasporta malikdir: Rusiya və Türkiyə daha sonra gəlir (46-cı yeri bölüşürlər).
Reytinqdə Azərbaycan 70-ci, Ermənistan 74-cü yerdədir.
“Henley Passport Index” 2025-ə görə, dünyanın ən güclü pasportu 195 ölkəyə vizasız (və ya gəliş zamanı viza) çıxışı olan Sinqapurdur. Sinqapurdan sonra Yaponiya gəlir (193 ölkə); Finlandiya, Fransa, Almaniya, İtaliya, Cənubi Koreya və İspaniya (192 ölkə).
Əfqanıstan 26 ölkəyə səyahət etmək imkanı verən dünyanın “ən zəif” pasportuna malikdir. Əfqanıstanın ardınca 27 ölkə ilə Suriya, 31 ölkə ilə İraq, 33 ölkə ilə Yəmən və Pakistan gəlir.
“Henley Pasport İndex”i hansı ölkələrin vətəndaşlarının müəyyən bir ölkəyə vizasız daxil ola biləcəyini göstərir. O, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının məlumatlarına əsaslanır və 227 ölkə və ərazini əhatə edir.
Almaz Həsənli