“Türk Hava Yolları” 13 ildən sonra Suriyaya ilk uçuşunu həyata keçirib
Türkiyənin flaqman aviadaşıyıcısı “Türk Hava Yolları” 13 illik fasilədən sonra Suriyaya ilk uçuşunu həyata keçirib. Yerli vaxtla saat 09:00-da İstanbuldan havaya qalxan Airbus A330 təyyarəsi saat 11:35 radələrində Dəməşq hava limanına enib, eniş anının görüntüləri “TRT Haber” telekanalı tərəfindən nümayiş olunub.
Suriyaya uçuşlar həftədə üç dəfə həyata keçiriləcək, “Türk Hava Yolları” xəbər verir.
Türk aviaşirkəti ilkin olaraq İsrail və İran vətəndaşlarını Suriyaya daşımayacağı barədə məlumat vermişdi. Daşıyıcının saytında yenilənmiş memoda deyilir ki, qadağa yalnız İsrail vətəndaşlarına şamil edilir. İran vətəndaşları Suriyaya daxil olmaq üçün yerli hakimiyyət orqanlarından icazə almalıdırlar. Oxşar qayda xarici KİV nümayəndələrinə də aiddir.
Aviaşirkət həmçinin xarici bank kartları ilə xidmət və malların ödənilməsinin mümkünsüzlüyü səbəbindən xarici vətəndaşların Suriyaya daxil olarkən nağd valyutaya sahib olmalarının zəruriliyi barədə xəbərdarlıq edib.
Almaz Həsənli