
ABŞ öz qoşunlarını Avropadan çıxarmayacaq
ABŞ prezidenti Donald Tramp əmin edib ki, o, Avropa ölkələrində yerləşən Amerika hərbi kontingentini geri çəkmək niyyətində deyil.
“ERR” radiosu qərb KİV-ə istinadən xəbər verir ki, bunu Tramp Mar-a-Laqoda jurnalistlərlə söhbəti zamanı Vladimir Putinlə sülh sazişi çərçivəsində Amerika qoşunlarını Avropadan çıxarmağa hazır olub-olmaması sualına cavab verərkən deyib.
Amerika prezidenti deyib ki, heç kim ondan bunu tələb etməyib. "Mən bunu etməli olacağımızı düşünmürəm. Bunu etmək istəməzdim. Məsələ heç vaxt gündəmə gətirilməyib", - Tramp deyib.
Bir gün əvvəl Polşa prezidenti Anjey Duda demişdi ki, Amerika tərəfi onu əmin edib ki, Şərqi Avropadakı qoşunlarının sayını azaltmaq niyyəti yoxdur.
Eyni zamanda, keçən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset demişdi ki, NATO müttəfiqləri ABŞ-ın Avropada əbədi olaraq mövcud olacağını güman edə bilməz.
Almaz Həsənli