Çin ABŞ-ın elektronika məhsullarını rüsumlardan azad etmək qərarını səhvləri düzəltmək yolunda kiçik addım adlandırıb

Çin ABŞ-ın elektronika məhsullarını rüsumlardan azad etmək qərarını səhvləri düzəltmək yolunda kiçik addım adlandırıb

14 Aprel 10:22
Bəyəndim (1) Bəyənmədim (0)

Çin hökuməti ABŞ-ın bəzi elektronika məhsullarını rüsumlardan azad etmək qərarını səhvləri düzəltmək yolunda kiçik addım adlandırıb. Eyni zamanda Pekin Vaşinqtonu daha da irəli getməyə və tarifləri tamamilə qaldırmağa çağırıb.

Bu barədə Bloomberg xəbər verir.

Çin Ticarət Nazirliyinin bəyanatında deyilir: “Bu, ABŞ-ın birtərəfli “qarşılıqlı tariflər”lə bağlı qanunsuz hərəkətlərini düzəltmək üçün atdığı kiçik addımdır".

Çin Ticarət Nazirliyi həmçinin ABŞ-ı bütün tarifləri ləğv etməyə çağırıb və "anlaşılmazlıqları həll etməyin vaxib olduğunu bəyan edib.

“ABŞ qanunsuz hərəkətlərin tam ləğvi istiqamətində böyük addımlar atarsa və fikir ayrılıqlarının qarşılıqlı hörmət əsasında bərabər dialoq yolu ilə həlli istiqamətində səylər göstərərsə, onda bu hər iki tərəfin maraqlarına cavab verə bilər”, - deyə Ticarət Nazirliyi əlavə edib.

Xatırladaq ki, cümə günü ABŞ prezidenti Donald Trampın administrasiyası smartfon, kompüter və digər elektronika məhsullarını idxal rüsumundan çıxarıb.

Bu da öz növbəsində məhsullarının əksəriyyətini Çində istehsal edən Apple kimi texnologiya şirkətlərinə təsir edə bilər.

Onu da qeyd edək ki, Tramp aprelin 9-da qüvvəyə minməli olan ABŞ-ın əksər ticarət tərəfdaşlarına tarifləri 90 gün müddətinə dayandırıb. Son məlumatlara görə, artıq 130 ölkənin tariflərlə bağlı danışıqlar tələbi ilə Vaşinqtona müraciət etdiyi məlum olub.

Əziz Mustafa, Oxuməni.az