
İran yeni orta mənzilli ballistik raketini sınaqdan keçirib
İranın müdafiə naziri Əziz Nəsirzadə yeni bərk yanacaqlı ballistik raket Qassem Basirin sınağı barədə məlumat verib.
Nəsirzadə IRIB 2-yə bildirib ki, 1200 km mənzilli yeni raket əvvəlkilərlə müqayisədə daha yaxşı manevr qabiliyyətinə malikdir. Nəsirzadə həmçinin ABŞ-a xəbərdarlıq edib ki, “bizə hücum edilərsə və ya bizə müharibə məcbur edilərsə, buna sərt cavab verəcəyik”.
"Biz onların maraqlarına və bazalarına hücum edirik və bu baxımdan heç bir məhdudiyyətdən çəkinməyəcəyik və nəzərə almayacağıq. Biz qonşu ölkələrin düşməni deyilik, onlar bizim qardaşlarımızdır, onların ərazisindəki hədəflərimiz Amerika bazaları olacaq", - İranın hərbi departamentinin rəhbəri vurğulayıb.
Nəsirzadə qeyd edib: Təəssüflər olsun ki, biz görürük ki, bir tərəfdən Amerika rəsmiləri dürüst və danışıqlara açıq olduqlarını bildirir, digər tərəfdən də mütəmadi olaraq müxtəlif üsullarla İslam Respublikasını hərbi hücumla hədələyirlər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton və Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməsələr, ABŞ İranı güclü bombardman edəcək.
O, NBC News-a deyib: "Əgər onlar razılığa gəlməsələr, bombardman olacaq. Daha əvvəl heç görmədikləri kimi bombardman olacaq".
Bir gün əvvəl Tramp NBC News telekanalına müsahibəsində deyib ki, o, İranın nüvə proqramını tamamilə sıradan çıxarmağın zəruri olduğuna inanır.
Əziz Mustafa, Oxuməni.az