
ABŞ yaxın 100 gün ərzində Rusiya və Ukrayna arasında danışıqları təşkil etmək istəyir
ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib ki, Amerika administrasiyası Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün qarşıdakı 100 gün ərzində çox çalışacaq.
"Rusların istədikləri ilə ukraynalıların istədikləri arasında çox böyük uçurum var" deyə cənab Vens Fox News-a bildirib.
O vurğulayıb ki, indiki mərhələdə diplomatik iş iki ölkəni daha da yaxınlaşdırmağa yönəlib. Vitse-prezidentin sözlərinə görə, bu istiqamətdə ilk addım hər bir tərəfin sülh təklifi ilə çıxış etməsi olacaq.
J.D.Vensin fikrincə, Ukraynada nizamlanma prosesində irəliləyişə təkan verən yeganə şəxs ABŞ prezidenti Donald Tramp olub. Bu, Avropa ölkələrində də tanınır, vitse-prezident iddia edir.
ABŞ-ın Rusiya-Ukrayna nizamlanmasına dair təkliflərinə Krımın de-yure Rusiya Federasiyasının bir hissəsi kimi tanınması, LPR, DXR, Zaporojya və Xerson vilayətlərinin de-fakto Rusiya ərazisi kimi tanınması daxildir. Bundan əlavə, Donald Tramp Moskvaya qarşı sanksiyaları ləğv etməyə və Ukraynanı NATO-ya üzvlük hüququndan məhrum etməyə çağırıb.
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun sözlərinə görə, Vaşinqton Kiyevə münaqişənin həlli üçün şərtlər təqdim edib. Cənab Kelloqq bildirib ki, Ukrayna onlara, o cümlədən Rusiyanın ərazi tələblərinə razılaşıb.
Əziz Mustafa, Oxuməni.az