
Mərkəzi Asiya-Körfəz sammiti təxirə salınıb
Mayın 5-də Səmərqənddə keçirilməsi planlaşdırılan Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammiti qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Qazeta.uz-a Özbəkistan Xarici İşlər Nazirliyi məlumat verib.
"Tərəflər qarşılıqlı məsləhətləşmələr əsasında yeni tarixin müəyyən edilməsi üzərində işi davam etdirir. Sammitin tarixi və digər təfərrüatları daha sonra açıqlanacaq", - XİN-in bəyanatında deyilir.
Nazirlik format çərçivəsində dialoq və tərəfdaşlığın gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, “Mərkəzi Asiya - Körfəz Əməkdaşlıq Şurası”nın ilk sammiti 2023-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib.
Şuraya Fars körfəzi ilə həmsərhəd olan altı ərəb dövləti daxildir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Oman və Qətər.
Əziz Mustafa, Oxuməni.az