
Rusiya İrana pilotsuz təyyarələr üçün təxminən 2 ton qızıl verib
Rusiya 104 milyon dollar dəyərində qızıl külçələrlə İranın Şahed-136 pilotsuz təyyarələri üçün qismən ödəniş edib.
“The Washington Post” yazır ki, bu, Rusiyanın “Alabuga Machinery” şirkəti ilə İranın “Sahara Thunder” şirkəti arasında bağlanmış müqaviləyə çıxış əldə edən C4ADS analitik qrupunun araşdırması sayəsində məlum olub.
Sənədlərə əsasən, 2023-cü il martın 16-da qramı 58,32 dollardan 1,8 ton qızılın tədarükünə dair müqavilə imzalanıb. Bu sövdələşmə 6000 Shahed-136 pilotsuz uçan aparatının tədarükü, eləcə də texnologiya, avadanlıq və kadr hazırlığını nəzərdə tutan 1,75 milyard dollar dəyərində daha böyük müqavilənin bir hissəsidir.
Sanksiya məhdudiyyətlərindən qaçmaq üçün Rusiya və İran qızıldan ödəniş vasitəsi kimi istifadə ediblər ki, bu da ABŞ dollarından istifadənin qarşısını almağa imkan verir. Bundan əlavə, ödənişlərin bir hissəsi Dubaydakı banklar vasitəsilə BƏƏ dirhəmləri ilə həyata keçirilib. Tərəflər arasında hesablaşmalar üçün kriptovalyutaların, xüsusən “Tether”-in mümkün istifadəsinə dair sübutlar da var.
Rusiya və İranın bu əməkdaşlığı Rusiyaya Tatarıstanın Alabuqa xüsusi iqtisadi zonasında Şahed-136 pilotsuz təyyarələrinin istehsalını lokallaşdırmağa imkan verdi. Planlara görə, 2025-ci ilin yayına qədər Rusiya bu dronlardan 6000-ə qədər istehsal etmək niyyətindədir ki, bu da Ukraynaya qarşı müharibə aparmaq imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Bu faktlar beynəlxalq sanksiyalara baxmayaraq, iki ölkə arasında hərbi-sənaye əməkdaşlığının dərinləşməsindən xəbər verir, silah alverinə və maliyyə axınına nəzarətin mövcud mexanizmlərinin effektivliyini şübhə altına alır.
Almaz Həsənli