
1 milyon barel neft daşıyan "Vilamoura" tankerində partlayış baş verib
Təxminən 1 milyon barel neft daşıyan "Vilamoura" tankerində partlayış baş verib, Bloomberg yazır.
Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə baş verən zaman tanker Liviya sahillərində olub və hazırda Yunanıstana aparılır.
TMS Tankers tanker operatorunun nümayəndəsi bildirib ki, partlayış nəticəsində gəmidə sızma baş verib və su maşın otağına daxil olub. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb, ətraf mühit üçün təhlükə yoxdur.
Bloomberg gəmilərin yeri ilə bağlı məlumatlara istinadən yazır ki, Vilamoura apreldə Rusiyanın Ust-Luqa limanına, mayda isə Novorossiysk limanı yaxınlığındakı CPC terminalına daxil olub. Bu limanlara Qazaxıstan neftini yüklədiyi bildirilir.
Vanguard Tech-in məlumatına görə, daha əvvəl Rusiya limanlarına gələn daha dörd gəmi bu il partlayışlar nəticəsində zədələnib.
Əziz Mustafa, Oxuməni.az