Braziliya prokurorları keçmiş prezident Bolsonaronu dövlət çevrilişində təqsirli bilib

Braziliya prokurorları keçmiş prezident Bolsonaronu dövlət çevrilişində təqsirli bilib

12:11
Bəyəndim (2) Bəyənmədim (0)

Braziliyanın prokurorluğu keçmiş prezident Jair Bolsonaronun dövlət çevrilişinə cəhddə təqsirli bilinməsini tələb edib, Latın Amerikası mediası yazır.

İttiham tərəfi hesab edir ki, keçmiş dövlət başçısı “silahlı cinayətkar birlikdə” iştirak edib və “demokratik sistemi zorakılıqla devirməyə” cəhd edib.

Bolsonarodan başqa, daha 7 nəfər oxşar cinayətlərdə ittiham olunur.

İndi işə Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleksandr de Morais baxır. Bolsonaro və digər müttəhimlər təqsirli bilinərsə, onları 40 ilədək həbs cəzası gözləyir.

Fevral ayında Braziliya prokurorluğu Bolsonaronu hazırkı prezident Luiz İnasio Lula da Silvaya qarşı sui-qəsddə ittiham edib. Prokurorluq qeyd edib ki, Bolsonaro “demokratik hüquqi dövlətdə hakimiyyətin bölünməsi prinsipinə zidd hərəkətlərə təhrik etməkdə və həyata keçirməkdə”, habelə “2023-cü ilin yanvarında baş vermiş iğtişaşlarda iştirakda, prokurorluğun məlumatına görə, o, tərəfdarlarını təhrik etməkdə” ittiham olunur.

Bolsonaronun 69 yaşı var. Hakimiyyət onun 2030-cu ilə qədər prezidentliyə namizədliyini qadağan edib, lakin o, hazırkı prezidentə fəal şəkildə qarşı çıxır və 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün icazə almaq niyyətindədir.

ABŞ prezidenti Donald Tramp dəfələrlə Bolsonaroya dəstək ifadə edib və onunla bağlı məhkəmə proseslərini dayandırmağa çağırıb.

Əziz Mustafa