Türkiyənin "Beşiktaş" Gəmiçilik Şirkəti Rusiya ilə əməliyyatlarını dayandırıb
Seneqal sahillərində neft tankerinə ziyan dəyən Türkiyənin Beşiktaş Gəmiçilik Şirkəti Rusiya ilə gəmiçilik əməliyyatlarını dayandırdığını açıqladı. Şirkət bölgədəki təhlükəsizlik vəziyyətinin "əhəmiyyətli dərəcədə pisləşdiyini" bildirdi. Bu barədə Haberler. com məlumat yayıb.
"Beşiktaş" Gəmiçilik Şirkəti artıq Rusiya ilə əlaqəli səyahətlər həyata keçirməyəcəyini açıqladı. Şirkət həmçinin bütün beynəlxalq sanksiyalara və ticarət məhdudiyyətlərinə ciddi şəkildə əməl etdiyinə əminlik verdi.
"Hərtərəfli qiymətləndirmədən sonra gəmilərimiz və heyətimiz üçün risklərin qəbuledilməz hala gəldiyi qənaətinə gəldik. Personalımızın və aktivlərimizin təhlükəsizliyi bizim əsas prioritetimiz olduğundan, bütün bu cür əməliyyatları dayandırırıq", - deyə şirkətdən bildiriblər.
Noyabr ayının sonunda Panama bayrağı altında Tamandan Dakara gedən Türkiyənin "Mersin" tankerində Seneqal sahillərində sızma baş verib. Gəmiyə qarşı təxribat həyata keçirildiyi ehtimal edilir. Gəmi neft məhsulları daşıyırdı; heyət üzvləri arasında xəsarət alan olmayıb
Əziz MUSTAFA















































































