Tramp İranın uzunmüddətli blokadasına hazırlaşmağı tapşırıb

Tramp İranın uzunmüddətli blokadasına hazırlaşmağı tapşırıb

10:13
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp öz köməkçilərinə İranın uzunmüddətli blokadasına hazırlaşmağı tapşırıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, son həftələrdə Ağ Evin rəhbəri İran İslam Respublikasının iqtisadiyyatına təzyiqi artırmağı, o cümlədən neft tankerləri də daxil olmaqla, gəmilərin İran limanlarından çıxmasına imkan verməməyi dəstəkləyib. Trampın fikrincə, bombardmanların yenidən başlanması və ya münaqişədən imtina kimi alternativ variantlar Vaşinqton üçün blokadanı davam etdirməkdən daha çox risk daşıyır.
WSJ qeyd edir ki, prezident gələcək addımlar barədə ziddiyyətli məsləhətlər alır. Bəzi rəsmilər Tehrana təzyiqi artırmağı təklif edir, digərləri isə Hormuz boğazının bağlı qalmasının və ya döyüş əməliyyatlarının davam etməsinin Amerika iqtisadiyyatına mənfi təsir edə biləcəyi və respublikaçıların Konqresə keçiriləcək aralıq seçkilərinin nəticələrinə təsir göstərə biləcəyi barədə narahatlıqlarını ifadə edirlər.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Amerika blokadası səbəbindən İranın Çah-Bahər limanında 20-dən çox gəmi toplanıb. Hərbi məlumatlara görə, əməliyyatın başlanmasından bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmi və vertolyotları İrana aid olan və İran limanlarına gedən və ya oradan çıxan 39 ticarət gəmisini müsadirə edib.
Aprelin 28-də "The New York Times" mənbələrə istinadən xəbər verib ki, Tramp İranın Hormuz boğazının açılmasını nəzərdə tutan, lakin nüvə proqramı məsələsini sonrakı danışıqlara buraxan son təklifini qəbul etməyəcək. KİV-in məlumatına görə, Vaşinqton yaxın vaxtlarda Tehrana cavabını təqdim edə bilər.
Almaz Həsənli