Çində fişəng fabrikində baş verən partlayış 26 nəfərin ölümünə səbəb olub
Çinin Hunan əyalətindəki fişəng fabrikində baş verən partlayış nəticəsində 20-dən çox insan həlak olub, 60-dan çox insan yaralanıb, dövlət mediası xəbər verir. Huasheng Fişəng fabrikində partlayış bazar ertəsi günü yerli vaxtla saat 16:40 radələrində Liuyanq şəhərində baş verib.
Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatları aparmaq və yaralılara kömək göstərmək üçün təxminən 1500 nəfəri səfərbər edib. Binanın içərisində qalanları axtarmaq üçün robotlardan istifadə edilib. Onlar dağıntılar altında qalan yeddi nəfəri xilas edə biliblər.
Hakimiyyət orqanlarının məlumatına görə, xilasetmə əməliyyatı zamanı fabrik ərazisindəki iki barıt anbarı yüksək risk yaradıb. Xilasedicilər fabrikdən üç kilometr radiusda olan hər kəsi təxliyə ediblər. CCTV hesabatına görə, partlayış nəticəsində 26 nəfər ölüb, 61 nəfər yaralanıb.
Kanalın məlumatına görə, yaralıların yaşı 20 ilə 60 arasındadır və bəziləri qəlpə yaraları alıb.
CCTV müxbiri hadisə yerindən reportajda qeyd edib ki, partlayış o qədər güclü olub ki, fabrikin yaxınlığındakı yaşayış binasının pəncərələri sındırılıb.
Çin prezidenti Si Cinpin itkin düşənlərin axtarışı və yaralıların xilas edilməsi üçün hərtərəfli səy göstərilməsini istəyib. Dövlət mediasının məlumatına görə, Si həmçinin qəza ilə bağlı araşdırma aparılmasını və məsul şəxslərin məsuliyyətə cəlb olunmasını istəyib.
Media xəbərlərinə görə, partlayışla bağlı bir nəfər - fabrikdə fişəng istehsalından məsul şəxs - artıq həbs edilib.
Liuyanq şəhəri fişəng istehsalı ilə tanınır və media xəbərlərində dünyanın ən böyük pirotexnika istehsalçısı kimi qeyd olunur.
Əziz MUSTAFA

























.jpg)
.jpg)
.jpg)
























































