Tbilisidə Azərbaycan vətəndaşları üçün səyyar ASAN xidmət açılacaq

Tbilisidə Azərbaycan vətəndaşları üçün səyyar ASAN xidmət açılacaq

15:09
Bəyəndim (3) Bəyənmədim (0)

5, 6 və 7 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində səyyar ASAN xidmət təşkil olunacaq.

Oxuməni.az “Aktual.ge”yə istinadla xəbər verir ki, xidmət çərçivəsində Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, həmçinin məhkumluq barədə arayışların verilməsi həyata keçiriləcək.

Bildirilib ki, xidmətlərdən yararlanmaq üçün vətəndaşlar əvvəlcədən Elektron Növbə Portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Növbə götürmək üçün appointment.mfa.gov.az/az saytına daxil olaraq Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini seçmək və müvafiq xidmət üzrə 5, 6 və ya 7 iyun tarixlərinə rezervasiya etmək tələb olunur.

Qeyd edilib ki, xidmətlər üzrə tələb olunan sənədlər tam şəkildə təqdim edilməlidir. Sənədlər natamam olduğu halda vətəndaşlara xidmət göstərilməyəcək.

Xüsusi olaraq bildirilib ki, vətəndaşlardan növbə götürdükləri vaxtdan ən azı 15 dəqiqə əvvəl Səfirlikdə olmaları xahiş olunur.

Almaz Həsənli