Avropa İttifaqı fermerlər üçün layihəyə dəstək verir
Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) müştərək layihəsi olan "Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi"-nin nümayəndələri fermerlərin maliyyə savadlığı mövzusunda regional tədbirini həyata keçirimək üçün Aran zonasına səfər ediblər.
Artıq 1 ilə yaxın müddət ərzində ölkəmizdə uğurla həyata keçirilən AzAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlığına həsr olunmuş növbəti seminar Aran bölgəsində təşkil olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı layihələrinin və kreditləinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə 9 sentyabrda Beyləqan rayonunda özündə planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin mövzularını ehtiva edən təlim həyata keçirilmişdir. Təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və təlimdə ümumilikdə 30-a yaxın yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin Beyləqan Rayon İdarəsinin nümayəndələrinin dəstəyi və iştirakı ilə həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin aparıcı eksperti Fəqan Ağayev bildirdi ki, bu tip seminarlar fermerlərin maliyyə savadlığını artıraraq istər ailə büdcəsi istərsə də banklarla münasibətlrinin yaxşılaşdırlmasında mühüm rol oynayır.
Bundan sonra layihənin aparıcı eksperti İlqar Tağıyev "Fermerlərin Maliyyə savadlığının artırılması" təliminə başlayıb. İnteraktiv keçən təlimdə tədris materialların fermərlərə izahı ilə yanaşı onların öyrəndiklərini nümunələr üzərində praktiki tətbiq həyata keçirilib. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verilib. Təlimin məqsədi fermerlərə büdcənin tutulmasını və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq olub.
Seminar müddətində fermerləri maraqlandıran suallar və məsələlər də müzakirə olundu. Tədbirin sonunda fermerlərə iştirak barədə sertifikatlar təqdim olundu. AzAFF layihəsi çərçivəsində fermerlərə maliyyə savadlığı mövzusunda təlimlər gələcəkdə də davam etdiriləcək.
Xatırladaq ki, son illər ərzində Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda xüsusi ilə kənd təsərrüfatı sektorunun inkişafını hədəfləyərək, kənd və regional inkşafı dəstəkləyən bir sıra layihələr başlatmışdır. 2015-ci il Sentyabr ayından etibarən AYİB, Avropa İttifaqının dəstəyi ilə ölkədə yerli maliyyə institutlarını kənd təsərrüfatı sektoruna aid kreditlərin fermer ve digər müəssisələrə verilməsini həvəsləndirmək məqsədi ilə ümumi məbləği 40 milyon ABŞ dollarına qədər olan "Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Alətləri" layihəsini (AZAFF) həyata keçirməyə başlamışdır. AZAFF özündə AYİB-in banklar vasitəsilə borcalanların maliyyələşməsi kimi ənənəvi yanaşması ilə yanaşı Azərbaycanda kənd təsərrüfatının inkişafının maliyyələşdirilməsi və sürətləndirilməsi üçün qeyri-maliyyə dəstəyini birləşdirir.
Hazırladı: Könül Aypara




























































































