“MEDİAlab” layihəsi çərçivəsində şəbəkələşmə görüşü, vörkşop və “newslab” təşkil olunub

“MEDİAlab” layihəsi çərçivəsində şəbəkələşmə görüşü, vörkşop və “newslab” təşkil olunub

2 Oktyabr 2023 21:33
Bəyəndim (0) Bəyənmədim (0)

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün şəbəkələşmə görüşü, vörkşop və “newslab” təşkil olunub.

Şəbəkələşmə tədbirinin qonağı aparıcı və diktor Rafiq Həşimov görüş zamanı televiziya və jurnalistika sahəsində olan təcrübəsindən danışıb, ərsəyə gətirdiyi sənədli filmlər haqqında gənclərə məlumat verib. İnteraktiv formada təşkil edilən tədbirdə gəncləri maraqlandıran suallar da cavablandırılıb.

Sonra “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün Real TV-nin montaj rejissoru Qafar Məhərrəmov tərəfindən “Media ilə əlaqədar alətlərdən istifadə qaydaları-montaj” mövzusunda vörkşop keçirilib. İnteraktiv formada təşkil edilən vörkşop zamanı Qafar Məhərrəmov montajın yaranma tarixi və növləri, professional montaj proqramları və onlarla işləmə prinsipi haqqında məlumat verib və bu sahədə olan təcrübəsindən danışıb, gəncləri maraqlandıran sualları cavablandırıb.

Layihə çərçivəsində gənclər üçün aparıcı Rüstəm İbadov tərəfindən yaradıcı düşünmə, məzmun istehsalı və xəbər hazırlanması ilə bağlı bacarıqların inkişafı məqsədilə “newslab” da təşkil edilib. Layihənin davamında iştirakçılar qruplar şəklində maraqlı xəbərlər hazırlayaraq təqdimat ediblər. Sonda ən maraqlı xəbər hazırlayan gənclərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “MEDİAlab” layihəsinin məqsədi media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi, müvafiq sahədə işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, peşə və kvalifikasiya standartlarına dair təkliflərin hazırlanması, texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı istiqamətlərində ali təhsil müəssisələri, media subyektləri və dövlət qurumları arasında effektiv və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsidir.