“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub
3-4 oktyabr 2023-cü il tarixlərində Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin ikinci günündə Türkiyənin tanınmış mütəxəssislərinin iştirakı ilə master-klass və vörkşoplar təşkil olunub.
“Yaxşı məzmun nədir?; Rəqəmsal mediada fərq yaradanlar” mövzusunda master-klass keçən “Albayrak” Media Qrupunun tərkibindəki "GZT" rəqəmsal platformasının baş redaktoru Doğukan Gezer və Suat Özdemir sosial mediada güclü brendin formalaşdırılması, daha böyük kütləyə çatmaq üçün paylaşıla bilən məzmunun yaradılması, rəqəmsal xəbərlər üçün ödənişli reklam, influserlər ilə əməkdaşlıq, e-mail marketinqi və bülletenlərin gücündən istifadə barədə danışıblar. Sonra təlimçilər tərəfindən “Xəbər hazırlama prosesinin planlaşdırılması; Xəbərin yayımından sonra göstəricilərin ölçülməsi” mövzusunda təşkil olunan vörkşopda oxucuların davranış və seçimlərinin təhlili, məzmun təqvimi və yayım strategiyasının hazırlanması, başlıqlar və məzmun formatları üçün A/B testinin aparılması, axtarış mühərriklərində ön səhifələrdə görünmək üçün SEO-dan istifadə kimi məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
Sonra Kerim Asker və Tunç Çevik “Rəqəmsal mediada dizayn” mövzusunda keçirdikləri vörkşop zamanı videonun istehsal mərhələləri (çəkiliş, redaktə, marketinq), veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması, fərdiləşdirmə və individuallaşdırma təcrübələrinin həyata keçirilməsi barədə geniş məlumat veriblər.
Layihənin yekununda isə iştirakçılara sertifikatlar təqdim olunub.